Uğurları ilə hamını təəccübləndirən qız

Vüsalə Kərimova 1 saylı Bakı "ASAN xidmət" mərkəzində vətəndaşların qəbulu işinin təşkili sektorunda baş mütəxəssis işləyir.
 
15 yaşında yıxılaraq onurğa sütunundan zədə alan müsahibimiz üzləşdiyi ağır faciədən sonra yerimə qabiliyyətini itirib. İllərdir əlil arabasına məhkum olan Vüsalənin həyat eşqi sönməyib, əksinə o, həyata daha parlaq ümidlərlə bağlanıb. 
 
 
Vüsalə Kərimova: “Çətinliklər hamının həyatında olur. Mənim də həyatımda qaçılmazdır. Bu illər ərzində çətinliklərin öhdəsindən gəlməyi bacarmışam. Çətinliyi çətinlik kimi deyil, olacaq kimi qəbul edirəm. Öz yoluma uğurla davam etməyə çalışıram”.
 
 
Həmsöhbətimiz Moskva Dövlət Humanitar İqtisad Universitetin Hüquq fakültəsini yenicə bitirib. Bu il həm "ASAN xidmət"də işə başlamasının, həm də tələbəliyinin 5 ili tamam olur. 
 
“Əvvəlcə könüllü kimi fəaliyyətə başladım, sonra işlə təmin olundum. Yeni işə başlayanda fikirləşirdim ki, böyük dövlət qurumudur, burada müxtəlif orqanların əməkdaşları olacaq və gün ərizində minlərlə vətəndaş müraciət edir. Görəsən, əlilliyi olan şəxsə necə münasibət göstərəcəklər? Ancaq işə başladıqdan sonra müdriyyətimiz, əməkdaşlarımız və vətəndaşlarımız tərəfindən isti münasibət gördüm. Tez bir zamanda işə alışdım. Özümü burada artıq əlil arabasından istifadə edən kimi görmürəm”. 
 
O, diplomunu əldə etdikdən sonra dövlət qulluğuna hazırlaşmaq və inzibati vəzifələr üzrə dövlət qulluqçusu adını qazanmaq istəyir. Bununla yanaşı Avropada magistr təhsili almaq barədə də düşünür.
 
 
Vüsalə, həmçinin müxtəlif idman növləri - qılınc oynatma, güllə atma, idman rəqsləri ilə məşğul olub. O, həm də Milli Paraolimpiya Komitəsinin idmançısıdır. 
“Artıq 6 ilə yaxındır ki, əlil arabasında idman rəqsləri ilə məşğul oluram və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edirəm. İlk dəfə “əlil arabasında idman rəqsləri ilə məşğul olarsanmı?” sualı veriləndə çox təəccüblənmişdim. Çünki heç ağlıma da gəlmirdi ki, əlil arabasında olan bir insan rəqs edə bilər. Lakin bizim bir neçə xarici ölkəyə səfərimiz oldu, tanışlıq dövrü keçdim və əlilliyi olan şəxslərin necə rəqs etdiyini gördüm. Bundan sonra məndə niyə də rəqs etməyim şüarı yarandı. 
Bu illər ərzində müxtəlif beynəlxalq yarışlarda birinci, ikinci yerlərin sahibi olmuşuq. Hətta keçən il Belarusiyada keçirilən çempionatda iki qızıl medala layiq görüldük. Çox istərdim ki, bu idman növü digər əlilliyi olan şəxslər arasında da yayılsın. Hazırda mən tək rəqs etmirəm. Kombi formasında məşğul oluruq. Bu sağlam bir şəxsin, rəqqasın əlilliyi olan şəxslə birlikdə kombinləşmiş rəqsdir”.
 
 
Vüsalə söhbət əsnasında 3 ildir ki, güllə atıcılığı ilə də məşğul olduğunu xatırladıb. Özünün dediyi kimi, o, profesional arenada olmasa da, güllə atıcılığı ilə məşğul olmağa böyük həvəs göstərir.
"Əslində uşaqlıqdan çox pozitiv insan olmuşam. Aldığım zədədən qabaq da belə idim. İndi həyata keçirdiklərim uşaqlıq arzularımdır. Bir müddət nakam qalmışdı, amma yoluna düşdü. Bu yaxınlarda bəlkə bir tamaşada da rol aldım. Hələ dəqiq deyil, amma gücümü sınamaq istəyirəm. Rejissorla məsləhətləşəcəyik”.
 
 
5 ildən çoxdur ki, avtomobildən istifadə edən müsahibimizin sözlərinə görə, həyatda uğura, ümidə sevgiyə aparan yol güclü istəkdən və arzulardan keçir. Çünki onlar hansısa fiziki sərhədlər tanımır. 
 
“Əlilliyi olan şəxslərin özlərinə və ailələrinə demək istədiyim sözlər var. Nə olmasından asılı olmayaraq, bizim əlilliyi olan şəxslər cəmiyyətdə aktiv olsunlar. Bu yaxınlarda Amerikada səfərdə oldum. Onlarla bizim aramızdakı fərqi gördüm. Valideynlər bəzən əlil uşaqlarını cəmiyyətə çıxartmaq istəmirlər. Ancaq gələcəyi bilmək olmaz. Bəlkə, onlar yaxşı təhsil alıb yüksək mövqelərdə duracaqlar. Valideynlər isə onlara baxıb, etdikləri hərəkətdən utana bilərlər. Buna görə də valideynlər öz övladlarından utanmasınlar, onları cəmiyyət arasına çıxartsınlar.
Azərbaycanda hazırda digər Avropa ölkələrinə baxdıqda əlillərin müəssərliyi tam təmin olunmayıb. Ancaq bunu da nəzərə almaq lazımdır ki, ölkəmiz gəncdir, müstəqilliyinin başlanğıcındadır. Mən inanıram ki, bir neçə il sonra ölkəmizdə müəssərlik tam təmin olunacaq”. 
 
 
Vüsalə həyat eşqi ilə yaşadığını, gələcəyə inamla baxdığını deyərək, uğur qazanmaq üçün daim mübarizə aparmağın lazım olduğunu söyləyib.(azvision.az)