Anadolu Universiteti Azərbaycan milli mətbuatının 143 illiyi münasibətilə tədbir keçirib

qhtxeber.az//  Azərbaycanda milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə iyulun 19-da Türkiyənin Anadolu Dövlət Universitetinin ölkəmizdəki tərəfdaş qurumunun binasında tədbir keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, Türkiyənin ölkəmizdəki səfirliyinin, Anadolu Dövlət Universitetinin, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkilatçılığı ilə reallaşdırılan tədbirə müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri qatılıblar.
Tədbirdə Anadolu Dövlət Universitetinin rektoru, professor Naci Gündoğan müasir dünyada elmin, təhsilin mühüm rolunu diqqətə çatdırıb. Anadolu Dövlət Universitetinin tarixi, inkişaf mərhələləri, Azərbaycan universitetləri ilə əlaqələri barədə ətraflı məlumat verən rektor qeyd edib ki, tədrisin təşkilində zəngin təcrübəsi olan bu ali təhsil müəssisəsi distant təhsil sahəsində də səmərəli fəaliyyət göstərir. Hazırda dünyanın ayrı-ayrı ölkələrindən olan çoxsaylı tələbələr universitetdə uğurla təhsil alırlar.
 
Professor N.Gündoğan Azərbaycanda milli mətbuatın yaranmasının 143 illiyi münasibətilə jurnalistləri təbrik edib.
 
Anadolu Dövlət Universitetinin Azərbaycan proqramları üzrə koordinatoru Azər Hətəmov təhsil müəssisəsində qazanılan nailiyyətlərdən danışıb.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qardaş ölkələrimiz arasında münasibətlərin daim yüksələn xətlə inkişaf etdiyini bildirib. Diplomat ikitərəfli əlaqələrimizdə təhsilin xüsusi yer tutduğunu vurğulayıb, bu istiqamətlərdə görülən işlərdən danışıb.
Sonra tədbir iştirakçıları universitetin “Məsafəli təhsilin texniki bazası” ilə tanış olublar.