"Məqsədim Vətənimi ləyaqətlə təmsil etməkdir"

Məqsədim təkcə Gürcüstanda deyil, bütün dünyada Azərbaycanı layiqincə təmsil etmək, yüksək səviyyədə təhsil alıb Vətənimə xidmət etməkdir.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Tbilisidə fəaliyyətə başlamış və Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr üçün nəzərdə tutulmuş Avropa məktəbinin yeganə azərbaycanlı tələbəsi, 16 yaşlı Ülvi Qitəliyev deyib.
 
Ü. Qitəliyev Azərbaycandan Avropa məktəbinə 2018-2019-cu tədris ilində müsabiqə yolu ilə qəbul olunub. O, məktəbə qəbul olunmaq üçün müsabiqənin bütün mərhələlərindən uğurla keçib.
 
Tələbə Ülvi Qitəliyev deyib: “Bu məktəb barədə internetdə oxumuşdum. Məktəbə qəbul olunmaq üçün mən də şansımı sınamaq qərarına gəldim. Bütün sınaqlardan keçdim və bu məktəbdə təhsil alacaq 30 tələbədən biri oldum. Məktəbdə iki il ərzində beynəlxalq bakalavr proqramı üzrə ingilis dilində təhsil alacam. Məktəb bizim müvəffəqiyyət və davamiyyətimiz barədə məlumatları dünyanın aparıcı universitetlərinə göndərəcək. Təhsilimin qalan hissəsini də hansı ölkədə davam etdirəcəyim də məhz bundan sonra məlum olacaq. Mənim əsas məqsədim xalqıma, millətimə layiqli mütəxəssis, şəxsiyyət olmaq və Vətənimə xidmət etməkdir”.
 
Qeyd edək ki, məktəbə Gürcüstan, Azərbaycan, Belarus, Ukrayna, Ermənistan və Moldovadan 2000-dən çox gənc maraq göstərib. Nəticədə 30 tələbə seçilib.