Müsabiqə bölmələrinə 35 yaşa qədər...

qhtxeber.az//  14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına filmlərin qəbuluna start verilib. 
“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivala Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi dəstək göstərir. 
 
Filmlər iki əsas - BEYNƏLXALQ və YERLİ müsabiqə proqramlarında, eyni zamanda ilk dəfə keçirilən “Cinemobil” adlı mobil filmlərin müsabiqəsində yarışacaqlar.
 
YERLİ müsabiqəyə yalnız Azərbaycan Respublikasının vətəndaşı olan gənclər film göndərə bilər. BEYNƏLXALQ müsabiqədə isə əcnəbi müəlliflərlə yanaşı yerli rejissorlar da iştirak hüququna malikdirlər.
 
Festivalın müsabiqə bölmələrinə 35 yaşa qədər olan rejissorlar bədii, sənədli, cizgi və eksperimental filmlərini 5 oktyabr tarixinə kimi təqdim edə bilərlər.
 
Filmlər 2017- 2018-ci illərdə istehsal olunmalı, xronometrajı 35 dəqiqədən çox olmamalıdır. YERLİ müsabiqədən fərqli olaraq BEYNƏLXALQ müsabiqəyə filmlər ingilis dilində subtitrlə və ya səsli tərcümə ilə göndərilməlidir.
 
Onlayn rejimdə aparılacaq “Cinemobil” müsabiqəsinə yalnız mobil telefonla çəkilən filmlər qatılacaq.
Bundan başqa Festival kinematoqrafçılara ideyalarını reallaşdırmağa kömək məqsədi ilə ilk dəfə Pitçinq elan edir.
Festivalın əsas nominasiyalarından əlavə YERLİ müsabiqədə “Ən yaxşı prodüser”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator” nominasiyaları da yer alır.
 
Qeyd edək ki, bu ildən etibarən festivalın qaliblərinə “QIZIL NAR” mükafatı təqdim olunacaq. Mükafat uğrunda yarışacaq filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirəcək.
 
Müsabiqələrin qaydaları və şərtləri ilə www.filmfestival.az saytında tanış ola bilərsiniz.