Şuranın elektron resursları monitorinq edildi- nəticələr yüksəkdir

Elektron idarəçiliyə keçid vətəndaşlara daha operativ xidmətlərin göstərilməsi məqsədi daşıyır. Bu yolla istənilən vətəndaş müvafiq dövlət qurumunun rəsmi internet portalına daxil olaraq ona lazım olan informasiyanı rahatca əldə edə bilər. Bu gün artıq demək olar, bütün dövlət qurumlarının, büdcədən maliyyələşən təşkilatların internet portalı mövcuddur. Eyni zamanda həmin qurumların rəsmi sosial şəbəkə hesabları da fəaliyyət göstərir. Bu qurumlar həm də sosial şəbəkə hesabları ilə informasiyalarını ictimaiyyətlə paylaşırlar. 
Azadinform.az saytı uzun müddətdir ki, rəsmi qurumların, dövlət komitələrinin elektron resursları və sosial şəbəkələrdə fəaliyyətləri ilə bağlı monitorinq aparır. Bu haqda saytda 4 silsilə yazı verilib. Bu dəfə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və daha 5 qurumun elektron resursları monitorinq edilib. Sayt Şuranın fəaliyyəti haqda bunları qeyd edib:
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəsmi internet səhifəsinə (e-qht.az), (cssn.gov.az) daxil olduqda açılan başlıqlar qurumun fəaliyyət istiqamətləri barədə bütün məlumatları vermiş olur. Belə ki, hər iki səhifədə “Müsabiqə elanı” və həmin elanların arxivi bölməsi yerləşdirilib. e-qht.az internet ünvanı bütünlüklə Şuranın elektron xidmətlərinə həsr olunub. Burada “E-ərizə”, “E-hesabat”, “E-növbə” və “E-müraciət” xidmətləri müraciət etmək istəyən hər kəs üçün açıqdır.
“Xəbərlər” bölməsi aylar üzrə yenilənir. cssn.gov.az-da Şuranın qəbul günləri qeyd edilib. Şuranın nəşrləri barədə xüsusi bölmələr yaradılıb.
 
Bundan başqa, Şuranın İnformasiya Portalı da (qhtxeber.az) fəaliyyət göstərir. Portalda “Elanlar” və “Xəbərlər” bölməsi yenilənib. Hər üçündə ünvan və əlaqə vasitələri qeyd olunub. e-qht.az yalnız Azərbaycan dilində, digər iki sayt isə 3 dildə - Azərbaycan, Rus və İngilis dillərində fəaliyyət göstərir. Saytdakı məlumatlar hər 3 dildə yenilənir.
 
Şuranın “Facebook”, “Twitter” və “Youtube”da sosial hesabları var. Ən aktiv fəaliyyəti “Facebook”da göstərir. QHT-lərin və Şuranın filmləri “Youtube” hesabında yerləşdirilir. Şura sədri Azay Quliyev, qurumun icra katibi Fərasət Qurbanov və mətbuat xidmətinin rəhbəri Elməddin Behbud şəxsi “Facebook” və “Twitter” hesablarından qurumla bağlı bütün yenilikləri sosial platforma iştirakçıları ilə paylaşırlar.