Kimlərə pulsuz psixoloji yardım göstəriləcək?

Məlum olduğu kimi ölkə parlamenti "Psixoloji yardım haqqında" qanun layihəsini birnci oxunuşda qəbul edib. Qanun layihəsinə əsasən ölkədə psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçiriləcək. Psixoloji yardım psixoloji yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin məlumatlandırılmış razılığı əsasında baş tutacaq.  Bu razılıq psixoloji yardım alan şəxsin psixoloji yardımla bağlı könüllü qərar qəbul etdiyini, psixoloji yardımın məqsədini, faydasını, həcmini, müddətini və tətbiq olunan psixoloji yardım metodunu, həmçinin psixoloji yardımdan imtina və onun dayandırılması imkanı barədə ona təqdim edilmiş məlumatı başa düşməsini nəzərdə tutur. Bu razılıq hədə-qorxu, zor tətbiq edilmədən alınır. Bu səbədən heç kəs psixoloji yardım almağa məcbur edilə bilməyəcək. Əksinə, psixoloji yardım alan şəxs psixoloji yardım göstərən müəssisəni və psixoloqu, o cümlədən psixoloji yardımın növünü və onun göstərilmə şərtlərini sərbəst şəkildə seçmək hüququna malik olacaq.  Psixoloji yardım alan şəxs yardımın alınmasından istənilən vaxt imtina edə və ya onu dayandıra biləcək. 16 yaşına çatmamış şəxslərə psixoloji yardım onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumların, himayəçilərin) razılığı ilə göstəriləcək. Maraqlıdır, bəs kimlər psixoloji yardım hüququndan və hansı qaydada istifadə edə biləcək? (olaylar)
 
Əvvala qayd edək ki, yeni layihəyə əsasən, psixoloji yardım göstərən şəxslər dövrü olaraq 5 ildə bir dəfə Azərbaycan Psixoloqlar Şurasının müəyyən etdiyi qaydada tədrisə cəlb ediləcəklər. Azərbaycan Psixoloqlar Şurası psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və təbliği, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əhalinin keyfiyyətli psixoloji xidmətlə təmini, psixoloji xidmət sahəsində elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədilə yaradılacaq.İctimai əsaslarla fəaliyyət göstərəcək Şura yüksək ixtisaslı psixoloqlardan, müxtəlif sahələrdə psixoloji yardım göstərən dövlət orqanlarının nümayəndələrindən daxil olmaqla, 7 üzvdən ibarət olacaq. Bununla yanaşı, klinik psixoloqlar peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə dövrü olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb ediləcəklər.Mülkiyyət növündən asılı olmayaraq, səhiyyə müəssisəsində psixoloji yardımın göstərilməsi ilə təhsili klinik psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan mütəxəssislər (klinik psixoloqlar) məşğul ola bilərlər.Layihəyə görə, klinik psixoloqlar klinik psixologiya üzrə magistr dərəcəsi almış və səhiyyə sistemində psixoloji yardım göstərmək icazəsi olan mütəxəssis-psixoloqlardır.
 
Sənəddə psixoloji yardım  sahəsində  dövlətin vəzifələri də müəyyən edilib. Belə ki, dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir. Psixoloji yardım sahəsində dövlətin vəzifələri psixoloji problemlərinin yaranması riski yüksək olan əhali qrupları arasında mürəkkəb psixoloji vəziyyətlərin və onların nəticələrinin profilaktikası və aradan qaldırılması; psixoloji yardım sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, o cümlədən bu sahədə normativ hüquqi aktların, dövlət standartlarının və dövlət proqramlarının işlənib hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi; Azərbaycan Respublikası əhalisinin psixoloji rifahını təmin edən və həyat keyfiyyətlərini yüksəldən şəraitin yaradılması; psixi sağlamlığın profilaktikası, psixi inkişafın optimallaşdırılması, adaptasiya, şəxsin cəmiyyətə inteqrasiyası və reabilitasiyanın dəstəklənməsi; psixoloji yardım göstərən mütəxəssislərin hazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsi; psixoloji yardım sahəsində dövlət orqanlarının, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir. Onu da qeyd edək ki, psixoloji yardım sahəsində dövlətin vəzifələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.
 
Psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) və ya yardım alan şəxsin vəsaiti hesabına (ödənişli) göstəriləcək. Şəxsin yaşayış yeri və ya olduğu yer üzrə dövlət ambulator-poliklinika müəssisəsində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət  tibb müəssisəsində məktəbəqədər və orta təhsil müəssisələrində təhsilalanlar, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulmuş və həbs edilmiş şəxslər, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq penitensiar müəssisələrdə cəza çəkən şəxslər, eləcə də cəza çəkməkdən azad edilmiş və psixoloji yardıma ehtiyacı olan, "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət yardım mərkəzlərində məişət zorakılığından zərər çəkmiş şəxslər, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçular; hərbi əməliyyatlar zamanı zərər çəkmiş, "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmətə cəlb olunmuş, fövqəladə hallar zamanı zərər çəkmiş şəxslərin, onların ailə üzvlərinin, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən və tibbi-sosial reabilitasiyası zamanı əlilliyi olan şəxslər və onların ailə üzvləri ödənişsiz psixoloji yardım almaq hüququna malik olacaqlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərə psixioloji yardım  işəgötürənin vəsaiti hesabına göstəriləcək. Ödənişli əsaslarla psixoloji yardım isə psixoloji yardım alan şəxslə psixoloq və ya psixoloqun fəaliyyət göstərdiyi müəssisə arasında bağlanan müqavilə əsasında göstəriləcək. Onu da qeyd edək ki, tibbi göstərişlərə əsasən tətbiq edilən psixoloji yardımın qısamüddətli növləri icbari tibbi sığorta paketinə daxil edilir.
 
Sənəddə həmçinin psixoloji problemlərinin yaranma riski yüksək olan əhali qrupları arasında profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki,  Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslər işəgötürənin vəsaiti hesabına vaxtaşırı psixoloji müayinədən keçməli, zərurət olduqda psixoloji yardımla təmin edilməlidirlər. Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası tədbirləri onlara və ailə üzvlərinə psixoloji yardımın göstərilməsini nəzərdə tutmalıdır. Şəhid ailələrinə, aztəminatlı, natamam və münaqişəli ailələrə, işsizlərə, qaçqın və məcburi köçkünlərə, habelə sosial müdafiəyə ehtiyacı olan digər əhali kateqoriyalarına dair proqram və tədbirlər həmin şəxslərə psixoloji yardım göstərilməsi ilə bağlı müddəalar diqqətdə saxlanılır. Bundan başqa,  cinayət mühakimə icraatını həyata keçirən orqanlar və vəzifəli şəxslər  ağır və xüsusilə ağır cinayətlər zamanı zərərçəkənlərin psixoloji vəziyyətinin bərpası, onlarda qisas hissinin aradan qaldırılması, yeni cinayətin baş verməsinin qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirməyə borcludurlar. Fiziki və hüquqi şəxslər əməyin təşkili, stressin aradan qaldırılması, münaqişələrin həlli, işçilərin iş potensialının artırılması və digər məsələlər ilə bağlı məsləhətlər və ya psixoloji treninqlər keçirmək hüququna malikdirlər. Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və xüsusi təhsil müəssislərinə hərbi xidmətə və təhsilə qəbul zamanı, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan iş yerlərində işə qəbul zamanı namizədlərin müvafiq psixoloji tələblərə yararlığı psixoloji diaqnostika üsulları ilə yoxlanılacaqlar.