Koreyada oxuyan azərbaycanlı gənc: “Təhsilimi Avropada davam etdirmək istəyirəm”

Təhsil Nazirliyi ilə modern.az-ın birgə layihəsinin məqsədi oxucuları bilikli məktəblilər və istedadlı gənclərin uğurları ilə tanış etməkdir.
 
Layihənin budəfəki  qonağı Mirəli Əhmədlidir. O, hazırda Koreyanın KAİST Universitetində Kompüter ixtisası üzrə 2-ci kurs tələbəsidir.
 
 
“Riyaziyyata marağım vardı”
 
“2000-ci ildə Gəncədə anadan olmuşam. İlk orta təhsilimi də orada almışam. Gəncə Azərbaycanın tarixi şəhərlərindən biridir. Uşaqlığımın orada maraqlı keçdiyini söyləyə bilərəm. Atam-anam da ali təhsilli olduqlarından təhsilimə daha çox zaman ayırıblar. Kiçik yaşlarımız olanda sənət seçimimizdə fərqli düşünürük. Gah polis, gah da həkim olmaq istəyirik. Amma məktəb illərində dəqiq qərar veririk. Mən də bu halları yaşamışam. Məktəb illərində riyaziyyat fənninə marağım vardı. Bunu valideynlərim də hiss etmişdi. Onlar da mənə dəstək olurdular”.
 
Bir ildə bir neçə olimpiada uğuru
 
Mirəli Məcidli deyir ki, riyaziyyat fənninə maraq olimpiadalara qatılmağına gətirib çıxarıb: “7-ci sinifdə oxuyanda Gəncə özəl türk liseyinə qəbul olundum. Olimpiada sevgim elə oradan başladı. Müəllimlərimin dəstəyi ilə olimpiadalara hazırlaşdım. İlk dəfə qatıldığım olimpiada 2014-cü ildə Gənclərin Balkan Riyaziyyat olimpiadası olub. Yadımdadır ki, həmin vaxt heç nə düşünə bilmirdik. Ancaq bizə təqdim edilən riyaziyyat materiallarını həll etməyi düşünürdük. Rəqiblər belə gözümüzə görünmürdü. Balkan olimpiadasında bürünc medal qazanmışdım. Daha sonrakı qatıldığım olimpiada 9-cu sinifdə olub. Demək olar ki, 2015-ci ildə bütün olimpiadalara qatıldım. Öncə Tailandda keçirilən olimpiadada həvəsləndirici mükafata layiq görüldüm. Serbiyada gənclərin Balkan olimpiadasına  qatıldım və gümüş medal qazandım. Həmin il respublika üzrə keçirilən olimpiadada qızıl medala layiq görüldüm. 2015-ci ildə qatıldığım olimpiadalar maraqlı və rəngarəng olub”.
 
 
“500 AZN-nə yaxın təqaüd alıram”
 
Koreyada təhsil alan azərbaycanlı tələbə Koreya təhsilinin özəlliyindən də danışıb: “Olimpiadalarda qazandığım uğurların ardınca ali təhsil pilləsi gəlirdi. Elə oldu ki, ali təhsilimi xarici ölkədə almaq qərarına gəldim. Hazırlaşan zaman Koreya üzərində dayandım. Hazırda Koreyanın KAİST Universitetində oxuyuram. Universitetdən tam olaraq aylıq təqaüd alıram. Həmin təqaüd hardasa  500 AZN-nə yaxındır. Həm də orada əlaçı, zərbəçi təqaüdü yoxdur. Hamı eyni təqaüdü alır.
 
Bu arada onu da deyim ki, hazırda olimpiada mərkəzində şagirdlərə dərs keçirəm. Bunu könüllü edirəm. Çünki vaxtilə özüm də olimpiada qaliblərindən olmuşam. Düşünürəm ki, öyrəndiklərimizi öyrətməliyik. Tətildə olduğum müddətdə bu işi həyata keçirirəm”.
 
 
“Yeməkləri yağlı və dadlı deyil”
 
Azərbaycanlı tələbə Koreyanın mətbəxindən də söz açıb: “Koreya ilə Azərbaycan arasında əsas fərq yeməklərdədir. Baxmayaraq ki, 3 ildir orada təhsil alıram, hələ də onların mətbəxinə alışa bilməmişəm. Dəniz məhsullarından çox istifadə edirlər. Mən isə dəniz məhsullarını sevmirəm. Yeməkləri bizim yeməklər kimi yağlı və dadlı deyil. Ənənələrə gəlincə, onu deyə bilərəm ki, çox çalışqan millətdilər. İqlimləri də çox fərqlidir. Qış çox sərt, yay isə çox isti keçir”.
 
“Cənubi Qafqaz regionunu tanısalar da...”
 
Mirəli Əhmədli gələcək planlarından da danışıb: “Koreyada təhsili ingilis dilində alıram. Hələ ki onların dilini öyrənə bilməmişəm. Gələcəkdə təhsilimlə bağlı fikirlərim var. Avropa ölkələrində davam etdirmək istəyirəm. Çünki Koreyada dünyanın ən böyük  ölkələrinin şirkətləri var ki, qalıb işləmək olar. Təəssüf ki, koreyalılar Cənubi Qafqaz regionunu tanısalar da, bölgənin münaqişə ocağı olduğunu bilmirlər”.