QHT İsmayıllıda region gəncləri üçün qış düşərgəsi keçirib

qhtxeber.az  “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən həyata keçirilən "Region gəncləri üçün qış düşərgəsi" layihəsi çərçivəsində düşərgə reallaşdırılıb.
 
qhtxeber.az-a daxil olan məlumata görə, İsmayıllı Olimpiya İdman Kompleksində baş tutan, maarifləndirmə və ekskursiya proqramı çərçivəsindəki "Region gəncləri üçün qış düşərgəsi”nin əsas məqsədi cəbhəyanı bölgələrdə, ucqar məcburi köçkün qəsəbələrində və kəndlərdə yaşayan yeniyetmə və gənclərin şəxsi inkişafına, sosiallaşmasına stimul verib, həyata fərqli baxış və liderlik bacarıqlarını inkişaf etdirmək, ictimai fəallığı, təhsilə marağı artırmaqdır. 
 
Füzuli, Beyləqan, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və İsmayıllı rayonundan seçilmiş 21 nəfər iştirakçı müxtəlif maarifləndirici sessiyalarda iştirak ediblər. Sessiyalarda “Azərbaycanı tanı”, “Bölgənin tarix və maddi-mədəniyyət abidələri”, “Fərdi inkişaf”, “Kommunikasiya və ünsiyyət”, “Gənclərin ictimai fəallığının yüksəldilməsi” kimi mövzular gündəmə gətirilib, müzakirələr aparılıb, gənclər üçün yaradılan imkanlardan yararlanma (Gənclər Fondu və təklif etdiyi imkanlar, Gənclər Evləri və onların fəaliyyətləri, Gənclər Mərkəzləri, Olimpiya İdman Kompleksləri, gənclərə göstərilən peşə və özünüməşğulluq, aktiv əmək bazarı proqramları) haqqında məlumat verilib. 
 
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə icra oluna layihənin eksperti Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov olub. Düşərgə zamanı İsmayıllı rayonunda yerləşən tarix-diyarşünaslıq, Heydər Əliyev muzeylərinə səfərlər, İvanovka kəndinə və Şahdağ Milli parkına eko-tur təşkil olunub, intellektual-əyləncəli müsabiqələr, idman yarışları təşkil olunub, iştirakçılar Olimpiya idman kompleksinin imkanlarından yararlanıblar. 
 
Düşərgə çərçivəsində regionun tarixi abidələri haqqında müxtəlif maraqlı faktlar öyrənən gənc iştirakçılar həm də bu yerlərdə maraqlı foto və video çəkilişlər həyata keçirib, təqdimatlar hazırlayıblar.