Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 
1. Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi üçün cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə 1,0 (bir) milyon manat ayrılsın.
 
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 21 fevral 2019-cu il
Prezident.az