Birinci vitse-prezident Mehriban Əliyeva Fransada bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa Respublikası Milli Assambleyasının sədri Rişar Ferran ilə görüşü olub. 
 
qhtxeber.az azvision.az-a istinadən xəbər verir ki, Fransa Milli Assambleyasının sədri Rişar Ferran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılayıb. Mehriban Əliyeva Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşüb.
 
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Milli Assambleyasının sədri Rişar Ferranın görüşü olub. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Rişar Ferran ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib. O, zəngin tarixə və mədəniyyətə malik ölkəmizin Fransada daha yaxşı tanıdılması üçün fransız deputatların Azərbaycana səfərlərinin əhəmiyyətini vurğulayıb. 
 
 
Birinci vitse-prezident Mehriban Əliyeva ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmindən danışıb, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Mehriban Əliyeva bu cür səfərlərin ölkəmizi daha yaxından tanımaq və Azərbaycan həqiqətlərini fransız ictimaiyyətinə çatdırmaq üçün yaxşı fürsət yaratdığını bildirib. Mehriban Əliyeva milli dəyərlərə sadiq olan ölkəmizdə tarixlə müasirliyin gözəl sintezinin yaradıldığını diqqətə çatdırıb. 
 
 
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının sədri Rişar Ferranı Bakıya səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub. 
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşü olub.
 
 
Nazir Brüno Lömer Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rolu olduğunu bildirib. Birlikdə işləməyə hazır olduqlarını qeyd edən nazir Brüno Lömer deyib ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. “Total”ın Azərbaycanda fəal rol oynadığını bildirən fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd edib. O, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyi təklif edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa böyük önəm verildiyini bildirdi və bunun üçün yaxşı zəmin olduğunu vurğulayıb. Mehriban Əliyeva ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyini vurğulayıb. Bildirib ki, tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmalıdır. 
 
 
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının rolunun əhəmiyyətinə toxunaraq, cari ildə bu komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyini qeyd edib. Mehriban Əliyeva Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömerin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib. 
 
 
Fransalı nazir Hökumətlərarası İqtisadi Komissiyanın cari ildə iclasının keçirilməsi təklifini yüksək qiymətləndirərək, may ayında Avropada seçkilərdən sonra ölkəmizə səfərə gəlməyə imkanı olacağını deyib. Bildirib ki, Fransa ilə əlaqələr həm də ölkəmizin Avropa İttifaqı ilə yaxınlaşmasına böyük töhfə verə və Azərbaycanın Avropa İttifaqına inteqrasiyası üçün pəncərə rolunu oynaya bilər. 
 
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Riyesterin müşayiəti ilə Parisin Orsey muzeyini ziyarət edib. Fransanın mədəniyyət naziri Frank Riyester Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılayıb. Parisin Orsey muzeyi ilə tanışlıq zamanı Azərbaycanın Birinci vitse-prezidentinə məlumat verilib ki, Fransa paytaxtının ən yaraşıqlı binalarından olan və əvvəllər Paris-Orlean marşrutu üzrə işləyən qatarların stansiyası kimi fəaliyyət göstərən bu bina artıq Orsey muzeyi adlanır. 
 
 
Bu gün Parisin, həmçinin Avropanın ən çox ziyarət edilən mədəniyyət ocaqları sırasında olan Orsey muzeyi Sena çayının sahilindədir və 1898-1900-cü illərdə inşa edilib. Paris arxitekturasının ən gözəl nümunələrindən olan Orsey muzeyi 1978-ci ildən tarix-memarlıq abidəsi kimi qorunur. Ümumiyyətlə, bu muzey şöhrətinə görə Parisdə ilk üçlükdə, dünya üzrə isə 10-luqda qərarlaşıb. Əsasən impressionist və postimpressionist kolleksiyalardan tərtib olunan muzeydə il ərzində müxtəlif tədbirlər - konsertlər, tamaşalar, Dəyirmi masalar təşkil olunur. 
 
 
Muzeyi il ərzində 4 milyona yaxın insan ziyarət edir. Əsasən fransız və Avropa sənətkarlığına dair nadir incəsənət nümunələrinin toplandığı muzey 1848-1915-ci illərdə ərsəyə gələn heykəltəraşlıq, rəsm, mebel və fotolardan ibarət məşhur kolleksiyalara sahibdir. 1986-cı ildə açılışı olan Orsey muzeyində dünya şöhrətli rəssamlardan Monenin, Deqanın, Renuarın əsərlərinin kolleksiyası daha çox ziyarətçilərin diqqətini çəkir. Onların əsərlərində XIX əsr Avropa həyatının müxtəlif çalarları əks olunub. Bu əsərləri maraqlı edən ən mühüm məqam da elə budur. Avropa cəmiyyətlərinin inikası olan bu sənət nümunələrində o dövr üçün nadir sayılacaq rəssamlıq texnikalarına da rast gəlinir. 
 
 
Qeyd edək ki, Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı daim diqqət mərkəzindədir və bu sahədə əməkdaşlıq ikitərəfli münasibətlərdə mühüm istiqamət təşkil edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafında hər zaman müstəsna rol oynayıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət proqramı nəticəsində dünya mədəni irsinin Fransadakı ən gözəl nümunələri bərpa olunub. 
 
 
Buna misal olaraq Parisdə Versal sarayının parkındakı ümumbəşəri abidələrin, Strasburqda XV əsrə aid katedralın beş vitrininin bərpasını, Luvr muzeyində İslamİncəsənəti Departamentinin yaradılmasını göstərmək olar. Bununla da bu abidələr məhz Azərbaycanın səyləri nəticəsində yenidən dünya mədəni xəzinəsinə daxil olub. Ona görə də ölkəmizin, xüsusilə də Heydər Əliyev Fondunun fəaliyyəti xaricdə, həmçinin Fransada hər zaman rəğbətlə qarşılanıb.