Masallıda “Şahin” Hərbi-idman oyunlarının rayon birinciliyi keçirilib

qhtxeber.az  Masallı rayon Gənclər və İdman idarəsinin Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı şəhər 3 saylı tam orta məktəbində gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, həmçinin ordu sıralarına hazırlanmasında müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edib, komandaları salamlayıb, yarışın əhəmiyyətindən danışıb: “Yarış yeniyetmə və gənclərin hərbi vətənpərvərlik və vətənə məhəbbət ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. “Şahin” hərbi-idman oyununu keçirməkdə məqsəd yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqəti artırmaq, məktəbliləri hərbi idman oyunlarına cəlb etmək, onları orduda xidmətə hazırlamaqdır”. 
 
Tədbirdə Rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov, yarışın baş hakimi Şəhər 6 saylı tam orta məktəbin hərbi müəllimi Camaləddin Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin əməkdaşı kapitan Vüqar Əhmədov çıxış edib, yarışda iştirak edən komandalara uğurlar arzulayıblar. 
 
Sonra rayonun tam orta ümumtəhsil məktəbinin komandaları arasında yarış start alıb. Komandalar sıra hazırlığı və digər yarışlarda qüvvələrini sınayıblar. Yekun nəticələrə əsasən, S. Tağıyev adına şəhər 4 saylı tam orta məktəbin komandası birinci, Ə. Məmmədov adına Öncəqala kənd tam orta məktəbin komandası ikinci, N. Aslanov adına Miyənkü kənd tam orta məktəbinin komandası üçüncü yerləri tutublar. Fərqləndiyinə görə isə S. Hacıyev adına Viləş, Qəriblər, S. Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbin komandaları və şəhər 6 saylı tam orta məktəbin komandası diplomla mükafatlandırılıblar. 
 
Yarışın qalibi olan S. Tağıyev adına şəhər 4 saylı tam orta məktəbin komandası “Şahin” hərbi-idman oyunu üzrə Cəlilabad rayonunda keçiriləcək Lənkəran-Astara zonası üzrə zona mərhələsinə vəsiqə qazanıb.