Bu məhkəmə-hüquq sistemində çox geniş bir islahatdır” – Sahib Məmmədov (Videomüsahibə)

“Ölkə başçısı İlham Əliyevin 10 fevral 2017-ci ildə imzaladığı cəza sisteminin humanistləşdirilməsi ilə bağlı fərmandan sonra Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsaslı islahatlara təkan verən ikinci ən böyük fərmandır, aktdır. O vaxt cəza sisteminin humanistləşdirilməsi ilə bağlı əhəmiyyətli, fundamental işlər görüldü. Artıq onun nəticələri göz qabağındadır. Təyin olunan cəzaların sayı əhəmiyyətli dərəcədə azalıb. Eyni zamanda, alternativ cəza sisteminin tətbiqi praktikası yaranıb. Ötən gün imzalanan fərman da məhkəmə-hüquq sistemində yeni bir əsas qoyur. Bu çox geniş fərmandır”.
 
Bunu açıqlamasında hüquq müdafiəçisi, Şura üzvü ekspert Sahib Məmmədov deyib. Hüquq müdafiəçisinin sözlərinə görə yeni fərmanın müddəalarına əsasən hakimlərin sayı 200 nəfərə qədər artacaq: “Eləcə də yeni ixtisaslaşmış bir məhkəmə yaranacaq. Orada vergi, gömrük, sosial ödəmələrlə bağlı məsələlərdə yaranan mübahisələrə və sahibkarlığın həyata keçirilməsi ilə əlaqədar yarana biləcək başqa mübahisələrə baxacaq. Vəkilliyin inkişafı ilə bağlı orada çox əhəmiyyətli müddəa var. Bilirsiniz ki, ödənişsiz hüquqi yardımla bağlı dövlətin pozitiv öhdəliyi mövcuddur. İndiyə qədər bu məsələdə problemlər var idi. Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncamında ödənişsiz hüquqi yardım göstərən vəkillər üçün ödənişi 3 dəfədən çox artırmışdı. Bundan sonra həmin vəsait vəkillər kollegiyasının özünə köçürüləcək. Orada olan bürokratiya, qeyri-şəffaflıq tam şəkildə aradan qalxacaq”.
 
Sahib Məmmədov onu da bildirib ki, məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması ilə bağlı və protokolun məhkəmə audioyazısına uyğun tərtibi aparılacaq. Bu da çox ciddi məsələdir: “Praktiki hüquqşünaslar, vəkillər bunun nə dərəcədə vacib bir məsələ olduğunu daha yaxşı bilirlər. Məhkəmə işləri bölgüsünün elektron qaydada aparılması da Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında öz əksini tapıb. Bu istiqamətdə daha da təkmilləşmə baş verəcək. Hakimlərin və məhkəmə aparatı işçilərinin sosial təminatı gücləndiriləcək. Bu da çox vacib məsələlərdən biridir. Dövlət rüsumundan əldə olunan vəsaitin bir hissəsi məhkəmə işçilərinin sosial təminatının artırılmasına yönəldiləcək. Bu fərmanda çox ciddi hesab olunan məsələlərdən biri də özəl ekspertiza fəaliyyəti ilə bağlıdır. Yəni, bu fərmanda istiqamətlər həddən çoxdur. İndi bunların həyata keçirilməsi üçün Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə və digər müvafiq qurumlara tapşırıqlar verilib. Eyni zamanda, Məhkəmə Hüquq Şurasına tövsiyyələr edilib. Baş Prokurorluğa, Vəkillər Kollegiyasına,Sahibkarlar Təşkilatları Milli Konfederasiyası tövsiyyələr verilib. Bunlarla bağlı mümkün qədər qısa, əsasən 3 ay müddətinə müvafiq tədbirlər görüləcək. Qanunvericilik aktları layihəsi hazırlanacaq. Müvafiq subyektlərə təqdim olunacaq. Bir sözlə, bu məhkəmə-hüquq sistemində çox geniş bir islahatdır”.
 
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.