Universitetdə “Sosial şəbəkələr intellekt və mənəviyyat axtarışı” müzakirə olunub

qhtxeber.az  Gəncə Dövlət Universitetində Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Bəhailəri Dini Mərkəzinin birgə iştirakı ilə “Sosial şəbəkələr intellekt və mənəviyyat axtarışı” mövzusunda tədbir keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, tədbirdə Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, şair Qismət Rüstəmov, “Multikulturalizm” jurnalının baş redaktoru, yazıçı, jurnalist Fəxri Uğurlu, Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi, psixoloq Ramazan Əsgərli, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, yazıçı Qan Turalı, rejissor Pərviz Həsənov, operator Kazım Əsgərzadə və Azərbaycan Yaradıcılıq Fondunun təşkilat şöbəsinin müdiri, tədbirin koordinatoru Fuad Cəfərov, həmçinin universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. 
 
Tədbiri GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açıb, tədbirin mahiyyətini vurğulayıb. Çıxış edənlər sosial şəbəkələrin - Facebook, İnstaqram və Tvitterin geniş yayıldığı müasir şəraitdə Azərbaycan gəncliyinin düzgün istiqamətə yönəldilməsinin vacibliyindən, onlarda “mənəvi immunitet” yaratmaqla sosial şəbəkələrin mənfi təsirindən uzaqlaşmağın, bu şəbəkələrin müsbət yönlərindən faydalanmaq üçün şərait yaradılmasının zərurətindən danışıblar. 
 
Qeyd edilib ki, gəncləri internetə qədər maarifləndirmək, intellektini inkişaf etdirmək, mənəvi tərbiyə etmək lazımdır. Prorektor Gülsüm Fətəliyeva, dekanlar Bayram Apoyev, Urfan Həsənov, dekan müavini Məhərrəm Babayev, kafedra müdirləri Zümrüd Cavadova, Maqbet Əhmədov, “Yüksəliş” qəzetinin müxbiri Firəngiz İdrisqızı, tələbələrdən Zümrüd Məhərrəmova, Rauf Məmmədov, Səməndər İmanov sosial şəbəkələr barədə mülahizələrini bildiribər. 
 
Tədbir iştirakçılarının gəldiyi əsas nəticə bundan ibarət olub ki, sosial şəbəkələrdən lazımi şəkildə faydalanmaq üçün intellekt inkişafının, mənəvi dəyərlərin böyük rolu var. Yüksək intellektli və mənəviyyatlı insanların sosial şəbəkələrdən mənfi niyyətlərlə istifadə edənlərə qarşı mübarizəsi, ictimai qınaq şəraiti yaratması, valideynlərin hələ dünyagörüşü formalaşmamış uşaqların internetdən istifadəsinə nəzarət etməsi, istiqamət verməsi də böyük əhəmiyyətə malikdir.