Azərbaycan praktikasında müxalifət sağlam tənqid, normal polemikalar dönəminə gəlib çatmayıb

2019-cu ilin Azərbaycanda islahat ili olacağına dair verilən açıqlamalar, bəyanatlar özünü hər addımda göstərir. Artıq Azərbaycan cəmiyyəti demək olar ki. hər gün hansısa sahədə vətəndaş məmnunluğuna xidmət edən islahat barədə xəbər alır, onun şahidinə çevrilir.  Keçən ilin sonlarından start verilən və cari ilin əvvəllərindən başlayaraq daha da sürətlənən bu islahatlar cəmiyyətin bütün təbəqələri tərəfindən müsbət qarşılanır.  Və birməanlı olaraq bu islahatlara dəstək nümayiş etdirilir. Öz növbəsində ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti nümayəndələri də dövlətin həyata keçirdiyi islahatlara dəstək verir, onuların mahiyyətinin xalqa daha ətraflı şəkildə çatdırılması üçün işlər görür. 
 
"Hilal" İctimai Birliyinin rəhbəri Arzuman Abdulkərimovun sözlərinə görə, Azərbaycanda ilin əvvəlindən başlanan islahat dalğası cəmiyyətin bir çox sahələrini əhatə etməkdədir və görünən odur ki, yaxın gələcəkdə bu dalğa daha da qüvvətlənəcək. İctimai Birlik sədri deyib ki, Prezident İlham Əliyevin ard-arda imzaladığı fərman və sərəncamlar vətəndaşların çoxdankı gözləntilərini doğrultamaqla yanaşı cəmiyyətdə bir dirçəliş ab-havası yaradıb: "İqtidarın islahatlara başlaması, vətəndaşla dialoqun daha sağlam mühitə keçməsi qeyri-hökumət sektorunda da canlanmaya səbəb olub. Aydındır ki, başladılan islahatların icrası zamanı şəffaflıq prinsiplərinə nəzarət birmənalı vətəndaş cəmiyyəti institutlarının funksiyasına daxildir. İslahatlarla paralel vətəndaş cəmiyyəti institutlarının xətti ilə həm paytaxt Bakıda, həm də regionlarda geniş təbliğat kampaniyasının aparılması vətəndaşları ölkədəki yeni tendensiyalarla tanış etməklə yanaşı, onların prosesə daha aktiv cəlb olunmasını da təmin edir. Bu mənada prezident yanında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının uğurlu fəaliyyətini xüsusi vurğulamamaq mümkün deyil. Prezidentin imzaladığı fərman və sərəncamlar açıq şəkildə göstərir ki, hökumət illərlə cəmiyyətin kor düyünə çevrilən problemlərini qısa zamanda çözməkdə qərarlıdır. İndi əsas məsələ yuxarıların bu xoş niyyətinə aşağıların necə qarşılıq verməsidir. Yeni dönəmdə daha böyük uğurlar, daha ciddi nəticələr əldə etməyin yollarından biri də vətəndaş cəmiyyətinin dövlət tərəfindən dəstəklənməsindədir. Bu dəstək fəal QHT-lərə, islahatların gerçəkləşdirilməsi, şəffaflıq üçün son dərəcə önəmli olan ictimai nəzarət funksiyasının həyata keçirilməsinə dəstək vermək istəyənlərə açıq olmalıdır".
 
Arzuman Abdulkərimov deyib ki, Azərbaycanın siyasi mühiti vətəndaşlar üçün cəlbediciliyini çoxdan itirib. O, deyib ki,  müxalifət düşərgəsindəki eyni simaların dəyişməyən ritorikası xalqda antipatiya yaradıb: "Ənənəvi və daha yeni müxalifət fəallarının əsasən sosial şəbəkələr üzərində davam edən, siyasi mədəniyyətsizliyin ən aşağı səviyyəsində olan çəkişmələri hətta indiyə qədər iqtidara loyal münasibətdə olanları da hakimiyyət dəstəkçisinə çevirib. Dövlət fəlsəfəsində sağlam müxalifət hakimiyyətin hərəkətverici qüvvələrindən biridir. Onların tənqidi, həssas nöqtələri göstərmələri hökuməti bu problemlərin çözülməsi üçün hərəkətə keçməyə məcbur edir. Azərbaycan praktikasında isə müxalifət hələ sağlam tənqid, normal polemikalar dönəminə gəlib çatmayıb. Onların fəaliyyətində siyasi intriqa yaratmaq cəhdlərindən başqa gözə görünəsi heç nə yoxdur. Müxalifət bu cür davranışı ilə həm də özünü ölkəyə yeni nəfəs kimi gələn yeni islahatlar dalğasından tamamilə kənarda qoyub. Müxalifət düşərgəsini izlədikcə bu insanların ölkədən kənardakı donorlarla istənilən şərtlər daxilində işbirliyinə getməyə hazır olduğu aydın görünür. Ancaq Azərbaycanı içdən parçalamaq niyyəti güdən xarici donorlara qarşı ölkədə çox effektiv bir fəaliyyət var. 2014-cü ildə xaricdən maliyyələşən QHT-lərin ciddi təftiş edilməsi, alınan qrantların aidiyyatı üzrə deyil, Azərbayan cəmiyyətinin dəyərlərinin dağıdılmasına yönəldildiyinin üzə çıxarılması bu sektorda düzən yaradılmasının zamanın çatdığını göstərdi və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının çox sanballı projelərə dəstək verməsi Azərbaycanın öz problemlərini daxildə çözməyə gücü yetdiyini növbəti sübut etdi".(olaylar)
 
İctimai Birlik sədrinin qənaətincə, indi ölkədə sağlam düşünə bilən hər kəsə aydındır ki, iqtidarın ilin əvvəlindən başlatdığı və qısa zamanda nəticələr veməyə başlayan açılım prosesini sağlam vətəndaş mövqeyi ilə dəstəkləmək gərəkdir: "Korrupsiyaya qarşı mübarizənin də, məhkəmə-hüquq islahatlarının da digər məsələlərdə olduğu kimi bir tərəfi dövlət aparatıdırsa, digər tərəfi vətəndaşdır. Bu sürəcin ardıcıl addımlarla davam etməsi, eyni zamanda nəticələrin özünü gözlətməməsi üçün vətəndaş cəmiyyətinin stimullaşdırılmasına ehtiyac var. Dövlət cəmiyyətin əsas yaralarını sarmağa hazırdırsa, vətəndaş hərəkatı dövlətin sağ qolu olmaq funksiyasını üzərinə çəkməyi bacarmalıdır".