EHİM-in əməkdaşları Beynəlxalq Data Analizi Olimpiadasında iştirak ediblər

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) əməkdaşları Moskvada keçirilmiş Beynəlxalq Data Analizi Olimpiadasının (IDAO) final mərhələsində iştirak ediblər. 
 
Olimpiadanın baş təşkilatçısı olan “Yandex” şirkətinin mərkəzi ofisində təşkil olunan final mərhələsinə 7 ölkədən 31 komanda və 79 iştirakçı qatılıb.  Bu mərhələdə 31 komanda “Yandex Taxi” tərəfindən qarşıya qoyulmuş məsələnin optimal həllini tapmağa çalışıb. Bu komandalardan biri də Elektron Hökumətin İnkişafı Mərkəzinin  Proqram Təminatı departamentinin əməkdaşları Samir Məmmədov, Ümid Süleymanov və Əsgər Məmmədlidən ibarət olan “ifElse” komandası olub. Final mərhələsində komandalara “Yandex Taksi” şirkətinin aeroportlarda işləyən sürücülərinin növbədə gözləmə müddətini təyin edən modelin qurulması tapşırılıb. Bunun üçün komandalara aeroportlar üzrə real 6 aylıq taksi sifarişinin tarix datası və modelin qurulması üçün 36 saat vaxt verilib. Sonda qurulmuş modellər növbəti ayın real datası ilə yoxlanılaraq modelin dəqiqliyinə görə sıralanma aparılıb. EHİM-in əməkdaşlarından ibarət komanda tapşırığın öhdəsindən müvəffəqiyyətlə gəlib və final mərhələsində iştirak sertifikatı ilə təltif olunub. 
 
“Yandex” şirkətinin baş təşkilatçılığı, Sberbank və Ali İqtisad Məktəbinin (Higher School of Economics) təşkilatçılığı ilə baş tutan olimpiadanın final mərhələsindən sonra iştirakçılara Avropa Nüvə Tədqiqatları Mərkəzi, “Yandex Taxi” və Rusiyanın Ali İqtisad Məktəbinin professor və nümayəndə heyəti tərəfindən mühazirələr də təqdim edilib.
 
Artıq ikinci dəfə keçirilən Beynəlxalq Data Analizi Olimpiadasının (IDAO) birinci mərhələsi 15 yanvar-11 fevral tarixində onlayn formada baş tutub. Birinci mərhələdə 78 ölkədən 1287 komanda  Avropa Nüvə Tədqiqatları Mərkəzi tərəfindən hazırlanmış məsələni həll etmək uğrunda mübarizə aparıb.