Masallıda ağsaqqallarla görüş keçirilib

qhtxeber.az  Masallı şəhər Ağsaqqallar Klubunda Yeni Azərbaycan Partiyasının veteran üzvləri, rayon ağsaqqalları ilə görüş keçirilib.
 
Masallı Rayon İcra Hakimiyyətinin məlumatına  görə, İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü giriş sözü ilə açıb, tədbirin məramını vurğulayıb: “Rayonun ağsaqqalları – zəngin həyat və iş təcrübəsi olan, camaat arasında nüfuz və hörmətə malik insanlarla vaxtaşırı görüşmək çox xoşdur. Sizin kimi insanlarla fikir mübadiləsi etmək, məsləhət və təkliflərinizi öyrənmək işimizə ancaq müsbət təsir göstərə bilər”. 
 
Görülən və görüləcək işlər barədə danışan rayon rəhbəri qeyd edib ki, təkcə rayon mərkəzinin deyil, bütün ərazilərin, ucqar kəndlərin abadlaşdırılması da diqqət mərkəzindədir: “Kənd yollarına asfalt döşənməsi, əhalinin içməli su ilə təminatı, qaz çəkilişi sahəsində xeyli iş görülüb. Ölkə Prezidenti Cənab İlham Əliyev Azərbaycanın bütün bölgələrinin, o cümlədən Masallının inkişafını da daim diqqət mərkəzində saxlayır və rayona həmişə lazım olan köməkliyi edir. Biz də ölkə başçının bu böyük qayğı və diqqətinin müqabilində, Masallının daha gözəl olması üçün var qüvvə ilə çalışmalıyıq”. 
 
Tədbirdə iştirak edən Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Prezident təqaüdçüsü Şirvan Əbilov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı ziyalıları” İctimai Birliyini sədri Qardaş Fətullayev, Müharibə, Əmək və Silahlı Qüvvələr veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, ağsaqqal ziyalılardan Rafiq Bağırov, Tofiq Feyzullayev, Əyyub Mehdiyev, Vaqif Şükürov, İldırım Allahyarov, Göyçək Ələsgərova, Ərəstun Əliyev, Naidə Məmmədova çıxışlarında ağsaqqallarla keçirilən görüşlərin Masallıda bir ənənəyə çevrildiyini söyləyiblər. 
 
Görüş iştirakçıları Masallının inkişafına hərtərəfli köməklik göstərən ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirib, dövlət başçısının qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirmək işində rayon rəhbərliyinə uğurlar arzulayıblar.