“Yalan çökəyi”nə düşənlər, yaxud üç nüvə dövləti ilə bir masadakı nüfuzumuz

Əkbər Qoşalı


Bu günlərdə Pekində II “Bir kəmər, bir yol” Xalqlararası İşbirliyi Forumu baş tutdu. Əlbəttə, bu Forum bizimçün ilk növbədə, Azərbaycan Prezidentinin iştirakı və orada imzalanan sənədlərlə xüsusi anlam qazandı. 
 
Çin Xalq Respublikasının sədri Si Cinpin Forumda çıxış edərkən, tədbirin uğurla keçdiyini, onun ölkələr arasında işbirliyi baxımından yeni imkanlar açdığını söylədi. Çin dövlət başçısı dünyada yeni bir işbirliyi formatı yaradan “Bir kəmər, bir yol” təşəbbüsünün qlobal iqtisadiyyatın inkişafına və qədim İpək Yolunun yenidən canlandırılmasına təkan verəcəyini sözlərinə əlavə etdi.
 
Forumda
 
-“İnkişaf üçün yeni mənbələrin araşdırılması məqsədilə əməkdaşlığın təşviqi”,
 
-“Qarşılıqlı siyasətin gücləndirilməsi və daha yaxın tərəfdaşlığın qurulması”,
 
-“BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi” mövzusunda sessiyalar keçirildi və Azərbaycanın dövlət başçısı bu sessiyalarda iştirak etdi.
 
Bilirsiz, bütün iqtisadi, siyasi, diplomatik, mədəni və b. yönləri ilə yanaşı, bu Foruma də-vət, qonaqpərvərliklə qarşılanma, Forum çərçivəsində aparılan görüş və müzakirələr, özəlliklə, Si Cinpinlə səmimi söhbətlər, bizim radikal müxaliflərin (onsuz da puç olmuş) ötən aykı qaralama cəhdini, yalan-böhtanını da, şappadan suyun lap dibinə düşürmüş oldu.
– Məlumunuz, Amerika jurnalisti, “Vaşinqton Post” qəzetində çalışmış Bob Voodvardın bir yeni kitabına istinadən bizim radikal müxalif adlananların bəh-bəhlə tirajladığı yalanlarla Çinlə Azərbaycanın dövlət münasibətlərinə zərbə vurmaq cəhdi vardı, o yalanın nə qədər bekara bir şey olduğunu bir daha göstərilmiş oldu. – Guya Azərbaycan Prezidenti 2017-ci ilin sentyabr ayının 20-də BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında iştirak üçün ABŞ-a səfər zamanı ABŞ Prezidenti ilə görüşdə bildirib ki, Çin Əfqanıstanın zəngin mis ehtiyatlarını nəzarətə götürüb və Çin firmaları orada mis çıxarır. Azərbaycan Prezidentinin köməkçisi professor-doktor Əli Həsənov bu “fikir”ləri, o “fikir”lər üzərində qurulan “yalan piramidası”nı bir açıqlama ilə sıfırlasa da, məlumunuz, tutuquşu kimi, dedilər, dedilər, yazdılar, yazdılar. Di, yazın, di, danışın. – Yoxsa, Roma Papasından daha artıq katoliksiz? Yoxsa, Çini Çin liderindən daha çox bilirsiz? Çin-Azərbaycan münasibətlərinin dövləti məsuliyyəti sizlərin çiyinlərindədir, bəlkə? (Əslində, hər bir ziyalımızda, media mənsubumuzda, sıravi vətəndaşımızda belə, VƏTƏNDAŞLIQ MƏSULİYYƏTİ olmalıdır, şübhəsiz! Ancaq kimlər ki bu məsuliyyəti idrak etmir yaxud bölüşmək istəmirsə, bu, qarayaxma kampaniyasına əsas vermir. Bu, dövlət maraqlarına qarşı çıxmağa əsas vermir!) Müxalif olmaq illa da əks fikir bildirmək deyil, fərqli, daha münasib yol xəritələri cızmaqdır.
 
Bəlkə heç bu xatırlatmanı etməyə ehtiyac yox idi, qüsura baxmayın; ancaq yaxşı olmazdımı, müxaliflərimiz “yalan çökəkləri”nə düşməyə, ölkəmizə qarşı quraşdırılmış “siyasi minalar”a basmaya?! – Bu, ilk növbədə onların özü üçün yararlıdır axı...
 
***
 
Qayıdaq, Prezidentin Çin səfərinə. Çinin evsahibi olduğu II “Bir kəmər, bir yol” xalqlararası forumu Azərbaycan-Çin iqtisadi münasibətlərinin gələcək inkişafı üçün hansı imkanlar olduğunu, belə imkanların miqyasını, genişliyini əyani şəkildə göstərdi.
 
Forumda Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulması, Kürdəmirdə 300 hektaradək sahədə çağdaş istixana kompleksinin tikintisi, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılması, “Azerbaijan Digital HUB” Proqramı çərçivəsində Asiya-Avropa tele-kommunikasiya dəhlizinin açılması, TransXəzər Nəqliyyat Dəhlizi vasitəsi ilə Bakıya və Azərbaycan ərazisindən keçməklə digər ölkələrə konteynerlərin daşınması, Azərbaycan istehsalı olan şərab və digər spirtli içkilərin Çinə ixracı, Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin yaradılması ilə bağlı İşbirliyi Memorandumları imzalanıb.
 
Bir səfər, bir Forum çərçivəsində bu qədər məhsuldar görüş, anlaşma, imzalanmış sənədlər sıradan iş deyil! Bu, iki ölkə münasibətlərinə ABŞ-dan, Əfqanıstandan dolandırıb-gətirilib “müncər edilən” yalan-böhtanı tirajlamaq deyil, dezo yaymaq deyil, bu, ciddiyyətdir, çalışma, inandırma əzmidir, nüfuzdur, etibardır, inamdır!
 
Prezident İlham Əliyevin “Bir kəmər, bir yol” Forumunun ali kürsüsündən çıxışı həm o çıxışın yayıldığı milyonlarla izləyici baxımından, həm üç böyük ( - ikisi BMT Təhlükəsizlik Şurasına daimi üzv olan- ) nüvə dövləti başçısının iştirakı ilə mötəbər müzakirələrə töhfə vermək baxımından, həm də, Azərbaycan həqiqətlərinin yeni ünvanlar qazan¬ması ilə ayrı bir özəlliyə sahibdir.
 
-Ölkəmizin infrastruktur inkişaf layihələrinə xüsusi önəmlə yanaşması;
 
-Respublikamızda yaradılmış möhkəm infrastruktur bazasının bizimlə yanaşı tərəfdaş-larımızın da maraqlarına cavab verməsi;
 
-Azərbaycanın, həmçinin enerji ixrac edən ölkə olmaq etibarı ilə, hazırda iqtisadiyyatın şaxələndirilməsini əsas vəzifələrdən biri elan etməsi;
 
-“Bir kəmər, bir yol”un təkcə nəqliyyat layihəsi deyil, sülhə, təhlükəsizliyə və işbirliyinə xidmət edən layihə dəyərində olması;
 
- 25 ildən çox müddət ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistanın işğalı altında olması, işğal nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, insanlarımızın etnik təmizləməyə məruz qalması və BMT-nin Təhlükəsizlik Şurasının erməni qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 önəmli qətnamə qəbul etsə də, əfsus ki, bu qətnamələrin yerinə yetirilməməsi və bunun, yalnız bizim ölkə üçün deyil, bölgədə sabitlik və sülh üçün ciddi bir problem olması kimi faktların Azərbaycanın dövlət başçısı tərəfindən mötəbər Forumda səsləndirilməsi xüsusi fərqləndirəcəyimiz məqamlardır, deyə düşünürəm.
 
Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, üç il öncə Azərbaycan və Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalamaqla, çağdaş nəqliyyat infrastrukturunun yaradılmasının Azərbaycanın prioritetləri sırasında olması ilə biz, əslində, (coğrafi mövqeyimizdən də, bəhrələnərək) Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdırıq... Və belə körpülər yalnız fiziki ma-hiyyətdə, xarakterdə qalmır...
 
Əkbər Qoşalı,
Milli QHT Forumu İdarə Heyətinin üzvü