Şura regionlarda e-vətəndaş proqramının təqdimatına başlayıb

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Gəncə Dövlət Universitetində yeni brendi olan SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin e-vətəndaş proqramının təqdimatını keçirib. 
 
Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri Asif Bayramov çıxışında Şuranın QHT sektorunun inkişafı sahəsindəki fəaliyyətini yüksək qiymətləndirdiyini və e-vətəndaş proqramının mühüm yenilik olduğunu bildirib. 
 
 
Şura sədri Azay Quliyevə təşəkkürünü bildirən A. Bayramov tələbələri QHT layihələrinin qiymətləndirilməsi prosesində fəal olmağa çağırıb. 
 
Universitetin prorektoru Gülsüm Fətəliyeva Şuranın dəstəyi ilə QHT-lərin cəmiyyətimizdəki ictimai problemlərin həlli, milli maraqların qorunması sahəsində məhsuldar fəaliyyət göstərdiklərini deyib. 
 
 
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın yeni brendi olan SƏLİS çərçivəsində 2019-cu ildə tətbiq edəcəyi yeni elektron xidmətlər barədə ətraflı məlumat verib. 
 
İcraçı direktor bildirib ki, Şura ilk dəfə olaraq 2019-cu il dördüncü qrant müsabiqəsi çərçivəsində mayın 14-dən iyunun 7-dək ölkənin bütün vətəndaşlarını QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı qiymətləndirməyə dəvət edir. Bu məqsədlə e-vətəndaş proqramının ictimaiyyətə təqdimatına başlanıb. Regionlarda ilk belə təqdimat isə ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərində keçirilir. 
 
 
Toplantıda e-vətəndaş xidmətindən istifadə qaydalarından bəhs edən təlimat xarakterli videoçarx nümayiş etdirilib. 
 
 
Təqdimatdan sonra Fərasət Qurbanov sualları cavablandırıb.