Şuranın dəstəyilə növbəti tədbir 9 şəhidi olan kənd məktəbində keçirilib

qhtxeber.az  “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyi “Aprel döyüşləri- şanlı vətənpərvərlik məktəbi” mövzusunda tədbirlərin keçirilməsi layihəsi çərçivəsində Zaqatala rayonu, Aşağı Tala kənd 1 saylı tam orta məktəbində Dəyirmi masa keçirib. 
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərər Dövlət Dəstəyi Şurasının dəstəyilə icra olunan layihə çərçivəsində keçirilən tədbirdə 30 gənc  iştirak edib. 
 
 
Layihə rəhbəri Elmira Mehdiyeva layihənin məram və məqsədi haqqında məlumat verərək bildirib ki, layihə tədbirləri respublikanın Şimal-Qərb bölgəsində, Zaqatala, Qax və Balakən rayonlarında keçirilir. “Layihənin məqsədi gənclər arasında vərənpərvərlik və azərbaycançılıq ideyalarını təbliğ etmək, onlara  tariximizi öyrətməkdir. Zaqatala rayonundan olan Aprel şəhidləri haqqında Şurasının maliyyə dəstəyilə "Mədəniyyət və İncəsənət Əsərlərinin Müəlliflərinə Dəstək" İctimai Birliyi tərəfindən çəkilən Zaqataladan olan Aprel şəhidləri Rəvan Nurayev və Sərxan Bayramova həsr edilən “Zirvədəkilər” filminin nümayişini təşkil etməklə gənclərdə şəhidlərimizə dərin ehtiram hissi aşılamaqdır. Aşağı Tala kənd 1 saylı tam orta məktəbini təsadüfi seçməmişik. Bu məktəbin məzunları Qarabağ müharibəsində hər zaman qəhrəmanlıqla vuruşublar. Onlardan 3 nəfəri itkin düşüb, 6 nəfəri şəhid olmuşdur. 9 şəhidi olan bir məktəb bütövlükdə vətənpərvərlik ruhunun aşılanması sahəsində bir nümunədir”. 
 
 
Dəyirmi masada Aşağı Tala Bələdiyyəsinin sədri Vüqar Abdurahmanov, kənd icra nümayəndəsi Abduləziz Əliyev, məktəbin hərbi müəllimi, polkovnik Rəcəb Ramazanov, məktəbin direktoru Mehnurə İsmayılova və müəllimlər də iştirak ediblər. Onların hər biri aprel döyüşlərinin millətimizin əyilməz ruhunu nümayiş etdirdiyini bildiriblər. Mövzunun çox aktual olduğunu, belə tədbirlərin hər bir məktəbdə keçirilməsinin vacibliyini söyləyiblər.
 
 
Təlimçi İbrahim İbrahimov çıxış edərək deyib: “Ölkəmiz 30 ilə yaxındır ki, Qarabağ problemi ilə üz-üzədir. Azərbaycan torpaqlarının 20 faizini bu günədək işğal altında saxlayan təcavüzkar Ermənistanın iddialı siyasəti xaricdəki güclü erməni lobbisinin maddi və ideoloji təbliğat dəstəyi ilə reallaşır.Qarabağ müharibəsinin azərbaycanlıların şüurunda yaratdığı çaşqınlıq, gərginlik zamanla unudulması çox çətin olan prosesdir.Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir.Azərbaycanın hazırkı vəziyyətində respublikamıza daha çox vətənpərvər gənclər lazımdır. Milli şüura sahib olan gəncin vətənpərvər olması şübhəsizdir”.  
 
 
Şəhid bacısı Reyhan Mamayeva çıxış edərək bildirib ki, şəhidlər ölmür, xüsusilə, onların ruhu belə hörmətlə anılanda.
 
Məktəblilər Elmar Mehdiyev, Bülbül Ramazanova və Həsən Həmzəyev şəhidlər haqqında xatirələrini danışmaqla yanaşı, onlarla fəxr etdiklərini, qürur duyduqlarını deyiblər.  
 
 
Tədbir iştirakçıları ”Zirvədəkilər” filmini maraqla izləyiblər. Sonra filmin müzakirəsi gedib və iştirakçılar layihənin çox aktual olduğunu vurğulayıblar.