Şuranın dəstəyilə tarixi abidələrin yerləşdiyi rayonlara səfərlər təşkil olunacaq

qhtxeber.az  “Bakı Gənclər Klubu” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Tarixi abidələrimizin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlayıb. 
 
Layihə Binəqədi rayonu Ə. Ələskərov adına 244 saylı tam orta məktəbin V-VI sinif şagirdlərin iştirakı ilə Bakı şəhəri və digər rayonlarda həyata keçiriləcək. 
 
Layihənin məqsədi təhsildə qeyri-formal təhsil növünü tərtib etməklə şagirdlərin keyfiyyət göstəricilərinin yüksəlməsinə və xalqımıza məxsus tarixi və mədəni irsin öyrənilməsi istiqamətində bilik bazasının genişlənməsinə nail olmaqdır.  
 
Layihənin hazırlıq mərhələsi bitdikdən sonra, cəlb olunacaq Mədəniyyət Nazirliyinin rəsmi bələdçisi Gülşən Abbasovanın iştirakı ilə təlimlər keçiriləcək və bu təlimlər zamanı layihə iştirakçıları olan məktəblilərə tədris olunan dərslik materiallarından əlavə olaraq tarixi abidələr, dahi şəxsiyyətlər və mədəni irsimiz haqqında yeni və maraqlı məlumatlar veriləcək. 
 
İkinci mərhələsdə təlimlərlə yanaşı “İçərişəhər” və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruqları, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası və s. tarixi məkanlara infoturlar, həmçinin, Qobustan, Qəbələ, Şəki və Quba rayonlarında tarixi abidələrin yerləşdiyi yerlərə səfərlər təşkil olunacaq. Layihə İctimai Birlik tərəfindən təhsil sahəsində həyata keçirilən layihələrin davamı olaraq şagirdlərin bilik bazasını zənginləşdirəcək, tarixi və mədəni irsimizin öyrənilməsinə marağı artıracaq və gələcəkdə təhsildə yeni uğurlara imza etməyə sövq edəcək. Layihə 22 nəfər məktəblinin iştirakı ilə 3 ay davam edəcək.