Şuranın dəstəyilə gənclərin internetdən səmərəli istifadəsi ilə bağlı tədbir keçirilib

qhtxeber.az  Xəbər verdiyimiz kimi, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə  “İnternet informasiya resurslarında gənclərin milli maraqların qorunmasında rolu” layihəsini icra edir.
 
Layihə çərçivəsində gənclərlə ilk görüş Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Texniki Kollecinin akt zalında baş tutub.
 
 
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Telman Məmmədov öncə qonaqları salamlayıb, sonra isə gənclərə, tələbələrə müzakirəyə çıxarılmış mövzu ilə bağlı ətraflı məlumat verib. O, bildirib ki, layihə internet informasiya resurslarında və sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan informasiya müharibəsi, bu cür səylərə qarşı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Natıq bu məsələlərdə gənclərin, tələbələrin üzərinə düşən vəzifələrdən bəhs edib, onları aktiv olmağa, milli məsələlərin qorunmasında daha operativ reaksiyalar verməyə çağırıb.
 
 
Layihə rəhbəri xatırladıb ki, ümumi texniki tərəqqi qloballaşmanın axarında ölkələrin və dövlətlərin sərhədlərini maneəsiz aşıb keçir, baş verən yeniliklərin virtual böyük auditoriyalar yaratması isə dünyanın informasiya ilə idarə olunması effektini gücləndirir.
 
 
Kollecin direktoru Fərrux Məmmədov çıxış edərək rəhbəri olduğu təhsil ocağında gənclərə yaradılan şəraitdən, onların bilik və bacarığının artırılması üçün görülən işlərdən danışıb. Direktor Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, habelə digər dövlət qurumlarının oxşar layihələrinin kollecdə məmnunluqla müzakirəsinin təşkil olunduğunu bildirərək, layihə rəhbərinə, ekspertlərə və tələbələrə uğurlar arzulayıb.
 
 
Bir çox halda ənənəvi informasiya vasitələri ilə sosial şəbəkə yayımlarının sədləri itir, bir-birinə qarışır. Bu durum neçə çözülməlidir? Sosial şəbəkə, doğrudanmı, yeni tipli mediadır? Bu şəbəkəni yönləndirən blogerləri, onun istifadəçilərini jurnalist saymaq olarmı? Bu suallar ətrafında çıxış edən AFN.az saytının təsisçisi və baş redaktoru Səbuhi Qafarov bildirib ki, KİV peşəkar informasiya qurumudur, onun hədəfi kütləvi auditoriyanı xoş məramla, sistemli məlumatlandırmaq, maarifləndirmək, cəmiyyət miqyasında obyektiv ictimai rəy formalaşdırmaqdır. Sosial şəbəkənin fəaliyyəti isə fərdi və qrup maraqları üzərində formalaşır. Baş redaktor gəncləri, sosial şəbəkə istifadəçilərini, həmçinin media təmsilçilərini obyektiv olmağa çağırıb.
 
 
İnformasiya ilə manipulyasiya, kibercinayətkarlıq, qorxu və vahimə yaratmaq, insanları cinayətkar əməllərə sövq etmək niyyəti, eləcə də statistik göstəricilərdən nümunələr gətirən ekspert Həbib İslamzadə böyük güclərin, bəzi dövlətlərin maraqlarından danışıb.
 
Təlimin gedişatında tələbələrin sualları cavablandırılıb, iştirakçılara buklet və əyani vəsaitlər təqdim edilib.