Şuranın dəstəyilə sağlam həyat tərzi uğrunda mübarizə məqsədilə maarifləndirmə işləri aparılır

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Sağlam mühit” Gənclərin İnkişafına Kömək ictimai birliyinin həyata keçirdiyi “Sağlam həyat tərzi uğrunda mübarizə məqsədilə təbliğat və maarifləndirmə işlərinin aparılması” layihə çərçivəsində yeniyetmə və gənclər üçün maarifləndirmə seminarı keçirilib.
    
Seminarda Şirvan şəhərində insanların, xüsusilə gənclərin sağlam həyat tərzi sahəsində biliklərinin artırılması, zərərli vərdişlərə, tütün, içki, narkotiklərdən istifadəsinə, habelə AİDS-in yayılmasına qarşı qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsi, gənclərin mənəvi-əxlaqi tərbiyəsinin yüksəldilməsi, onlarda narkomaniya ilə mübarizə hisslərin oyadılması, sağlam həyat tərzi uğrunda mübarizəyə qoşulması haqqında danışılıb.   
 
Qeyd olunub ki, ümummilli lider H. Əliyevin vurğuladığı kimi gənclər ölkəmizin, cəmiyyətimizin gələcəyidir və bu gələcəyi həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişdirmək lazımdır.  Şirvan şəhərində yaşayan gənclər arasında sağlam həyat tərzinin təbliği yolu ilə onların zərərli vərdişlərə qurşanmalarının qarşısını almaq, bununla da gənclərin mənəvi-əxlaqi tərbiyəsinin yüksəldilməsinə nail olmaq,  ölkənin ictimai siyasi həyatında onların fəal iştirakını təmin etmək həm cəmiyyətin həm də dövlətin qarşısında duran çox əhəmiyyətli vəzifədir.
 
Seminar müzakirələrlə davam edib və sonda öz yaşıdları arasında yaymaq üçün gənclərə bukletlər paylanıb.