Əlilliyin qiymətləndirilməsi üzrə e-sistem Avropanın “Yaxşı Təcrübə” xüsusi mükafatına layiq görülüb

qhtxeber.az  Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Avropa regionu üzrə təşkil edilən “Yaxşı Təcrübə” müsabiqəsində Azərbaycanın daha bir sosial layihəsi - əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem müsbət dəyərləndirilərək BSTA-nın  xüsusi mükafatına layiq görülüb. 
 
Təşkilatın ölkəmizdə təşkil etdiyi Avropa Regional Sosial Təminat Forumu çərçivəsində mükafat BSTA-nın rəsmiləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib.
 
Əlilliyin qiymətləndirilməsi qeyd olunan e-sistem vasitəsilə məmur-ekspert təması olmadan həyata keçirilir. Belə ki, səhiyyə müəssisəsi tərəfindən həmin e-sistemə daxil edilən göndəriş əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinə dair məlumatlar adsızlaşdırıldıqdan sonra  tibbi-sosial ekspertiza xidmətinə yönəldilir. Nəticədə, yalnız göndərişdəki xəstəliyə dair məlumat əsasında, əlillik təyin edilib-edilməməsinə dair şəffaf və obyektiv şəkildə qərar qəbul edilir.