Şuranın dəstəyilə "Virtual müharibə" adlı tədbir keçirilib

qhtxeber.az  Xəbər verdiyimiz kimi, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Virtual müharibə” mövzusunda tədbirlərin təşkili layihəsini icra edir.
 
 
Layihə çərçivəsində Bakı Humanitar Kollecində “Virtual müharibə” adlı ilk tədbir keçirilib. 
 
Tədbiri giriş sözü ilə Kollecin tədris işləri üzrə direktor müavini Rasim Rzaxanov açaraq bu gün təşkil olunan tədbirin gənclərimiz üçün nə qədər vacib olduğunu bildirib. Bu cür maarifləndirici tədbirlərin Azərbaycan gəncliyinin informasiya müharibəsində iştirakında aktivliyini təmin edəcəyini deyib.
 
 
Sonra BİRA İctimai Birliyinin sədri Zaur Qəriboğlu iştirakçıları salamlayaraq bildirib ki, 'müasir dünyada informasiya mübadiləsi yüksək effektli əməkdaşlığa imkan yaradır. “Bugünkü günümüzdə informasiyanın gücü ən yüksək texnologiyalarla hazırlanmış müasir silahlardan da güclüdür. Buna görə də təşkilatımızın əsas məqsədi dünyada, eləcədə ölkəmizin yerləşdiyi Avrasiya regionunda münaqişə zonalarından düzgün informasiyaların yayılmasına yardım etməkdiir. Bütün sahələrdə nailiyyətin əldə olunmasında əsas rolu məhz ideoloji iş tutur. Bu üzdən də “Virtual müharibə” adı altında informasiya müharibəsində cəmiyyətin maarifləndirilməsini vacib hesab edirik. Bu gün Azərbaycan Respublikasının ərazisinin 20 faizinin təcavüzkar Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilməsi, 1 milyondan çox qaçqın və məcburi köçkünün olması, hələ də insanlarımızın erməni əsir və girovluğunda qalması, ölkə olaraq bizim haqq səsimizin dünyaya çatdırılması istiqamətində çox ciddi, planlı, sistematik işlər görməyimizi bizdən tələb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İnformasiya müharibəsində müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik” sözlərini rəhbər tutaraq, sadalananları həyata keçirmək üçün əsas istiqamət xəttimiz Azərbaycan dövlətinin siyasi kursuna uyğun fəaliyyət göstərməkdir. Bu gün hər hansı bir məlumatı bilmək, öyrənmək üçün ilk öncə internetdə axtarış veririk, informasiyanı internetdən alırıq. Lakin gənclərimizin əksəriyyəti Azərbaycanın qalibiyyəti üçün informasiya müharibəsində iştirak etmirlər. Gənclərimiz daha çox mənəviyyatlarına mənfi təsir göstərən internet saytlarına, internet məkanındakı müxtəlif oyunlara meyllidirlər. Demək olar ki, gənclər informasiya müharibəsi haqqında az məlumatlıdır, yaxud da yanlış məlumatlıdırlar. Ermənistan 100 il öncə informasiya müharibəsinə başladığı üçün bu gün dünyada bizdən çox öndədir. Bu gün istər internet məkanında, istərsə də real həyatda düşmənin informasiya müharibəsindəki sistemli fəaliyyəti bizim üçün yüz illər sonranın məğlubiyyətini hazırlayır... Əslində 3 əsrlik bir müharibənin acı nəticələri ilə üz-üzə qalan bizlərin bu gün əlində olan canlı resurslar və ya arxiv materialları Ermənistanın əlində olsaydı, bütün dünyanı ayağa qaldırmağı da bacarardı. Bu üzdən də indidən gənclər arasında informasiya müharibəsi sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi çox önəmlidir.'' 
 
 
Daha sonra çıxış edən '' Dinc Dünya'' Araşdırma Mərkəzinin sədri Əlisəfa Mehdiyev dünyanın kiçik bir smartfon telefona sığdığını vurğulayaraq deyib ki, sosial şəbəkələrdən istifadə edən gənclərimiz bu yöndə diqqətli olmalı, ölkəmizin nüfuzuna xələl gətirəcək hər hansı bir məlumatı yaymaqla düşmənə köməklik etdiklərini bildirib.
 
''Müharibə Veteranı Qadınlarına Sosial Yardım'' İctimai Birliyinin sədri Radə Abbas da öz çıxışında qeyd edib ki, gənclər bu yöndə daha aktiv olmalı, informasiya savaşında ölkəmiz adına düzgün təbliğat aparmaqda maraqı olmalıdırlar. 
 
 
Tədbirdə iştirak edən tələbələr layihə çərçivəsində “Facebook” sosial şəbəkəsində yaradılmış "Virtual müharibə" adlı qrupa üzv olaraq informasiya savaşında dəstək göstərəcəklərini bildiriblər.
 
Sonda kollecin nümayəndəsinə hədiyyələr təqdim olunub.