Şuranın dəstəyilə sahibkarlıq subyektləri arasında nağdsız hesablaşmalar təşviq edilir

qhtxeber.az  “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Sahibkarlıq subyektləri arasında nağdsız hesablaşmaların təşviqi”  layihəsini icra edir.
 
Layihə çərçivəsində Bakı şəhərində “Nağdsız ödənişlərin tətbiqinin əhəmiyyəti” və “Əmək haqlarının rəsmiləşdirilməsi və qeyri-formal məşqulluğun azaldılması”  mövzularında 2 sessiyalı tədbir keçirilib. 
 
Tədbirdə mini, kiçik sahibkarlıq subyektləri, ictimaiyyət və QHT nümayəndələri iştirak ediblər. 
 
Tədbiri giriş sözü ilə təşkilatın rəhbəri, professor Fikrət Yusifov açıq elan edib və tədbirin məqsədi, həmçinin layihə haqqında iştirakçılara geniş məlumat verib.
 
Tədbirin birinci sessiyası üzrə sahibkarlıq subyektləri tərəfindən nağdsız ödənişlərin tətbiqi istiqamətində müzakirələr aparılıb, nağdsız hesablaşmalara keçidin yaratdığı müsbət və mənfi effektlər ətrafında diskusiyalar keçirilib, qanunun tətbiqi zamanı ortaya çıxan problemlər istiqamətində fikir mübadiləsi aparılıb.
 
Tədbirin ikinci sessiyasında 2019-cu ildən qüvvəyə minmiş qanunvericilikdə baş vermiş dəyişikliklər, əmək haqlarının hesablanması zamanı qeyri-dövlət sektoruna tətbiq edilən güzəştlər, əmək müqavilələrinin bağlanmasının əhəmiyyəti ətrafında məruzələr dinlənib və müzakirələr aparılıb.
 
Tədbir zamanı Şuranın maliyyə dəstəyi ilə nəşr edilən “Nağdsız hesablaşma üzrə bələdçi” adlı kitabçanın təqdimatı keçirilib. Kitabçada nağdsız hesablaşmalar üzrə qanunvericilik haqqında məlumat, nağdsız hesablaşmaların formaları və tətbiqi üzrə geniş illüstrasiyalı məlumatlar əks etdirilmiş və sahibkarın stolüstü kitabçası kimi istifadəsi tövsiyə edilib.
 
Həmçinin layihə çərçivəsində iqtisad elmləri doktoru, professor Fikrət Yusifov mövzu ətrafında nəşr etdirilmiş məqalələri və araşdırmaları haqqında məlumat verib. 
 
Sahibkarlar öz növbəsində tədbir zamanı nağdsız ödənişlərə keçidin onların fəaliyyətinə təsirləri, nağdsız hesablaşmaların tətbiq etdikləri zamanı qarşılaşdıqları çətinlikləri təşkilata bildirərək məsələlərin həlli yolları istiqamətində məsləhət istəyiblər.
 
Sahibkarların nağdsız ödənişlərinin tətbiq səviyyəsini müəyyən etmək, həmçinin qanunun tətbiqində yaranmış hüquqi çətinlikləri həll etmək üçün tədbir zamanı sahibkarlar arasında nağdsız ödənişlərin tətbiqi üzrə sorğu keçirilib və onlara pulsuz hüquqi məsləhətlər verilib.
 
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, hər bir tədbir iştirakçısına kitabça və digər zəruri məlumatlandırıcı təşviq materialları paylanıb.