Şuranın dəstəyilə QHT üzvləri müharibə veteranları və sağlamlıq imkanları məhdud şəxslərin problemi ilə tanış olublar

qhtxeber.az  "Beynəlxalq Əlillər Cəmiyyəti" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" layihəsi  çərçivəsində qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi-sosial, hüquqi, psixoloji problemlərinin həlli üçün işlər görür, eləcə də bu istiqamətdə onlarla maarifləndirmə işləri də aparır.  
 
İctimai Birliyə İsmayıllı rayonunun Bizlan kəndindən 76 yaşlı, vərəm xəstəsi Musayeva Mahizər Səməd qızı tərəfindən şikayət məktubu daxil olub. O, yazır ki, yataq xəstəsi olan 1-ci qrup əlil qızı, Qarabağ veteranı olan oğlu, gəlini və 3 nəvəsi ilə birgə yaşayırlar. Bu ilin fevral ayının 5-11 arası olan davamlı zəlzələ zamanı 1957-ci ildə inşa olunmuş yaşadıqları ev  dağıntıya uğrayaraq yaşayş üçün təhlükəli vəziyyətə düşüb. Ailə üzvləri ilə birgə hər gün evin uçacağı qorxusu ilə faktiki olaraq hazırda həyətdə yaşayırlar. 
 
Layihənin rəhbəri və İB-in sədri Tahir Xudiyev və layihədə könüllü iştirak edən Səməd Fərzəliyev İsmayıllı rayonu Bizlan kəndinə səfər edərək Musayevlər ailəsinin problemi ilə yerindəcə maraqlanıblar. QHT nümayəndələri evin həqiqətən dağıntıya uğradığının şahidi olublar, foto və video çəkiliş aparıblar. 76 yaşlı xəstə ana evin hər an uça biləcəyi qorxusundan rahat yaşaya bilmədiklərini bildirib, "Beynəlxaql Əlillər Cəmiyyətin"dən bu işdə onlara köməklik etməyi, səslərinin aidiyyəti dövlət təşkilatlarına çatdırılmasını xahiş ediblər. Musayevlər ailəsinin qohumları və qonşuları da M. Musayevanın oğlunun həqiqətən də 6 il Qarabağ müharibəsində iştirak etdiyini, ailənin evlərinin zəlzələdən yaşamaq üçün yararsız hala düşdüyünün şahidi olduqlarını bildiriblər, hazırda həyətdə yaşayan qarşıdan gələn soyuq havalarda bunun mümkünsüz olduğundan bu imkansız ailəyə köməklik göstərməyi xahiş ediblər.   
 
Musayevlər ailəsindən başqa Bizlan kənd sakini Xasıyev Orxan Mətləb oğlu da İB-ə müraciət edib. Orxan Xasıyev da fevral ayında baş verən güclü zəlzələ zamanı Qarabağ müharibəsində Bizlan kəndindən yeganə şəhid olan qardaşı Babək Xasıyevin çökmüş, dağılmış qəbrinin düzəldilməsi işində köməklik göstərməyi İB-dən xahiş edib. 
 
İctimai Birlik tərəfindən Musayevlər ailəsinin və Orxan Xasıyevin problemlərinin müsbət həlli ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər ediləcək.