“Sevər də, döyər də”: Məişət zorakılığına təkcə qadınlar məruz qalmır

Almaniyanın Bavariya və Şimali Reyn-Vestfaliya federal torpaqlarının rəhbərliyi “kişilərin məişət zorakılığından müdafiə proqramı”nı elan edib.
Bu proqram bir neçə mərhələni əhatə edir. Yeni proqrama əsasən, əvvəlcə zorakılıq qurbanları üçün qaynar xətt və onlayn məsləhət xətti açılacaq. Daha sonra sığınacaqların və məsləhət mərkəzlərinin açılması nəzərdə tutulur. Bu proqramın gələcəkdə Almaniyanın bütün federal torpaqlarında qüvvəyə minəcəyi gözlənilir.
 
Qeyd edək ki, Almaniya polisinin təqdim etdiyi statistik məlumatlara əsasən, burada 2018-ci ildə məişət zorakılığı qurbanlarının, təxminən 18 faizi kişilər olub.
 
Azərbaycanda da məişət zorakılığına məruz qalan kişilər var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycanda kişilərin 14,5 faizi məişət zorakılığının qurbanı olur. Məişət zorakılığına məruz qalan kişilərin 9,2 faizi yetkinlik yaşına çatmayan oğlanlar, 3,2 faizi qocalar, 2,1 faizi isə 25-45 yaşlı kişilərdir. Lakin burada yalnız nikahda olan qadınla kişi arasındakı zorakılıqdan söhbət getmir. Ola bilər ki, kişiyə qarşı ailə üzvləri tərəfindən zorakılıq törədilsin. Ola da bilər ki, qohumluq münasibəti olmayan şəxslər birgə yaşayırlar, onların məişət şəraitləri birgədir və bu zəmində də zorakılıq törədilir. Məişət zorakılığını törədən şəxslərin 40,3 faizi işsiz insanlar, 34 faizi fəhlə, 1 faizi müəllim, 22,7 faizi fərdi əməklə məşğul olanlar, 2 faizi təqaüdçülərdir.
 
Maraqlıdır, Azərbaycanda “kişilərin məişət zorakılığından müdafiə proqramı”na və sığınacaqlara ehtiyac varmı?
 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Azərbaycanda kişilərin daha çox psixoloji zorakılığa məruz qaldıqlarını deyib: “Kişilər zorakılığa məruz qalmır. Hərçənd ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi deyir ki, 15 faiz kişilər məişət zorakılığına məruz qalır. Yəqin ki, əllərində dəqiq statistika olduğuna görə, bu açıqlamanı səsləndirirlər.
Amma mən hesab edirəm ki,  kişilər daha çox psixoloji zorakılığıa məruz qalırlar. Bu zorakılığın mahiyyəti ondan ibarətdir ki, qadınlar, əksər vaxtlarda kişiyə düşdüyü vəziyyətdən çıxmasına kömək etmək əvəzinə, daha çox təzyiq edir, başqaları ilə müqayisə edir,  davamlı tənqidə məruz qoyur və özgüvənini aşağı salan davranış sərgiləyirlər. Bu, ənənəvidir. Çünki biz kişiləri çox güclü görürük və düşünürük ki, kişi hansı formada olsa da, mütləq şəkildə ailənin problemini həll etməlidir. Müasir dövr isə fərqlidir.
Bu  dövrün başqa tələbləri var. Biz indi elə bir keçid mərhələsindəyik ki, müəyyən dəyər sistemini saxlamışıq. Bununla yanaşı qanunlar da var. O qanunların bəzisi bizim dəyər sistemimizə uyğun olmadığı halda biz razılaşa bilmirik. Məsələn, sosial rolların dəyişməsi də bu gün kişilərin əvvəlki obrazlarını saxlamağa imkan vermir. Ona görə də həyat yoldaşları tərəfindən əvvəlki stereotiplərə uyğunlaşma tələbi kişilərdə diskomfort yaradır. Daimi tənqid, gileylənmə, dedi-qodular və ya müqayisələr, qaşqabaqlar kişilərə qarşı psixoloji zorakılıqdır. Kişilərimizdə qadını ilə oturub hansısa məsələləri müzakirə etmək ənənəsi yoxdur. Kişi də güclü görünmək istəyir. Çünki onlarda da “süni güclülük obrazı” var. “Süni güclülük obrazı”nda həyat yoldaşı ilə problemləri bölüşmək və ondan məsləhət almaq kimi diskomfortları var. Bu isə sözsüz ki, psixoloji zorakılıq faktorunu yaradır. Hətta kişilərə öz anaları tərəfindən də psixoloji zorakılıq olur. “Arvadının üzünə güldün, sən nə oğulsan, sən necə kişisən?” kimi gündəlik həyatda baş verən bu zorakılıqlar intihara və yaxud kişinin tamamilə özgüvənliliyinin aşağı düşməsinə səbəb olur. Təbii ki, bunları etiraf etmək istəyənlər də yoxdur. Ya bu aqresiyaya çevrilib zorakılığa, ya intihara, ya da başqa bir qadınla həyatını tənzimlənməyə, ruh halını dəyişməyə, bir sözlə xəyanətə gətirib çıxarır. Bir çox hallarda bu, oğul-ana münasibətlərində müəyyən bir psixoloji müharibəyə səbəb olur. Bəzi insanlar artıq psixoloqlara müraciət edir”.
 
QHT sədrinin sözlərinə görə, Azərbaycanda kişilərin fiziki zorakılığa məruz qalması ilə bağlı da müəyyən statistika var: “Azərbaycan rayonlarının bəzilərində kişilərdə içkiyə aludəçilik  var. Geniş yayılmış hal olmasa da, alkoloq asılılığı var. Özlərini bu halda, cəmiyyətdə idarə edə bilmirlər. Qadın bu zaman kişiyə qarşı zorakılıq törətməyə başlayır. Ümumən, qadının kişini döyməsi Azərbaycanda absurd haldır. O məqam da var ki, kişi uzun müddət qadına qarşı zorakılıq edir və qadın affekt vəziyyətə keçib kişini vura, hətta xəsarət yetirə bilər. Kimsə deyə bilməz ki, bu hallar yoxdur. Amma geniş yayılmış hal deyil. Qadının kişini öldürməsi məsələsi isə mənim üçün bir qədər mübahisəli məsələdir. Ola bilsin ki, qadın o qədər boğaza yığılsın ki, özünü müdafiə məqsədilə affekt vəziyyətində kişini öldürsün. Amma şuurlu şəkildə heç bir qadın məqsədli şəkildə ərini öldürməz. Bizim qadınların psixologiyasına nəzər yetirəndə bu, Azərbaycanda yüzdə bir hadisə ola bilər. Mən qadınların əl-üzünü yumuram. Zaman da, rollar da, münasibətlər də dəyişir. 
Odur ki, sabah kişilər üçün sığınacaqların olmasını arzulamıram. Amma o fikirdəyəm ki, biz kişiləri zəiflətməklə qadınları zəiflədirik, qadınları zəiflətməklə isə kişiləri zəiflədirik. Bu bərabərliyi pozmaq axmaq bir nəticələrə gətirib çıxara bilər. Ailə hökmranlıq etmək üçün məkan deyil.  Ola bilsin ki, gələcəkdə ailələr tamamilə fərli modellər seçəcəklər. Sadəcə olaraq, o modeli hazırlamaq və ideoloji olaraq təbliğ etmək lazımdır. Biz yaxşı dəyərləri qoruyub saxlamalıyıq. Bu gün mütəxəssislər oturub düşünməlidir ki, nəyi saxlaya, qoruya bilərik. Kişinin öz qadını ilə bölüşmək imkanlarını, vərdişlərini inkişaf etdirməliyik. Təəssüf ki, bunun üçün çoxlu zaman və mütəxəssislərin birgə rəyi lazımdır. Amma bu məsələdə birgə fəaliyyət də nəzərə çarpmır”.
 
Hüquq müdafiəçisi onu da əlavə edib ki, bu gün nə qadınların, nə kişilərin qarşı tərəfdən psixoloji zorakılığa məruz qalmaları ilə bağlı sübutlar toplamaq mümkün olmur: “Belə çıxır ki, hər gün baş verənlərlə bağlı video materiallar toplanmalıdır. Bu məhkəmə psixoloji zorakılığı hansı meyarlarla müəyyən edəcək? Bütün bu məsələlərin tənzimlənməsi üçün mütəxəssislər çalışmalı, ortaq rəy formalaşdırmalıdırlar”.(cebhe.info)