Şuranın dəstəyilə gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlər keçirilib

qhtxeber.az  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində "Gənclər təşkilatları arasında gender bərabərliyinin təbliği istiqamətində təlimlərin təşkili” layihəsi keçirilib.
 
Layihə, BMT tərəfindən qəbul olunmuş 2030 Gündəliyini və 5-ci Dayanıqlı İnkişaf Məqsədi olan gender bərabərliyini əsas tutaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən icra olunub.
 
Təlimin məqsədi gənclər təşkilatlarının gender bərabərliyi mövzusunda məlumatlılığını artırmaq, bu sahədə aktiv fəaliyyətini təmin etmək və gənclər təşkilatlarının gələcək fəaliyyətlərində 5-ci Məqsədin hədəflərini təbliğ etməkdir. 
 
2 gün davam edən tədbirin ilk günü açılış nitqini səsləndirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova layihənin ümumi həştəqi olan #bərabərimkanlar prinsipini rəhbər tutaraq, Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində irəliləyişə nail olunmasına baxmayaraq, dünyanın hər yerində qız və qadınların hələ də ayrı-seçkilik və zorakılıq hallarına rast gəldiyi üçün bu gün gender bərabərliyinin vurğulanmasının zəruri hal olmasını qeyd edib. 
 
Məryəm Məcidova bildirib ki, gender bərabərliyinin təmin olunması tarixən bəşəriyyətin diqqət mərkəzində olan aktual problemlər sırasındadır. Qurumun sədri, əlavə olaraq konfransda, nəinki Bakıda fəaliyyət göstərən gənclər təşkilatlarının və Gənclər Evlərinin, həmçinin ölkəmizin cənubundan şimalına, şərqindən qərbinə kimi olan regionlarından müxtəlif gənclər təşkilatlarında, Gənclər Evlərində fəaliyyət göstərən aktiv və təşəbbüskar gənclərimiz də iştirak etdiyini qeyd edib.
 
Tədbirin birinci gününün təlimlər hissəsi Avropa Şurasının təlimçilər bazasının üzvü Pərvanə Məmmədovanın “Gender bərabərliyi anlayışına giriş” və “İnsan hüquqları kontekstində gender bərabərliyinin rolu” sessiyaları ilə başlanılıb. 
 
Sonra “Gender bərabərliyinin təbliğində gənclər təşkilatlarının rolu” panel müzakirəsində Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Aynur Sofiyeva, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının analitik təhlil və elektron xidmətlər üzrə məsləhətçisi Elnur Bağırlı çıxış ediblər. 
 
Daha sonra isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik-Araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova tərəfindən “Demoqrafik inkişafa gender bərabərliyinin təsiri“ mövzusunda vorkşopu həyata keçirilib. Tədbirin 1-ci günü təlimlərin mövzuları ilə bağlı sual-cavab hissəsi ilə yekunlaşıb.
 
Tədbirin 2-ci günü Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Sədri Məryəm Məcidovanın təlimi ilə başlayıb. Sonra tədbir Avropa Şurasının təlimçilər bazasının üzvü Pərvanə Məmmədovanın “DİM-lərin icrasında gender həssas və gender spesifik indikatorların təbliği” adlı təlimi ilə davam edib. Sonra Pərvanə Məmmədovanın “Gender bərabərliyini diqqət mərkəzində saxlamaqla layihələrin hazırlanmasında düzgün hədəflərin seçilməsi” vorkşopu keçirilib. Daha sonra iştirakçılar öz layihə ideyalarını təqdim edib və bu layihələrin DİM-lərin icrasına təsiri haqqında danışıblar. 
 
Tədbir növbəti layihələrin müzakirəsi, sual-cavab hissəsindən sonra yekunlaşıb.