Şuranın dəstəyilə kibercinayətlərlə bağlı elmi araşdırmalar aparılır

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) ictimai birliyi tərəfindən ölkəmizin internet informasiya resurslarının cinayətkar qəsdlərdən qorunması, kibertəhlükəsizlik tədbirləri üzrə hüquqi elmi araşdırmaların aparılması ilə bağlı layihənin icrası davam etdirilir.
 
Qeyd edək ki, layihə üzrə kiberməkanın beynəlxalq və milli cinayət hüquqi tənzimlənməsi məsələlərini özündə ehtiva edən “Kibercinayətlər” adlı elektron kitabın dərc edilməsi nəzərdə tutulur.  
 
Layihə çərçivəsində hazırda Bakı Dövlət Universitetinin, Ədliyyə Akademiyasının və Bakı Avrasiya Universitetinin alim və müəllimlərinin birgə iştirakı ilə hazırlanan elektron kitabda transmilli cinayətlərin xüsusi növü olan kibercinayətlər beynəlxalq hüquqi cəhətdən araşdırılır. Xüsusilə beynəlxalq xarakterli cinayət kimi kibercinayətlərin anlayışı, mahiyyəti, bu cinayətlərlə beynəlxalq və milli mübarizə, hüquqi məsuliyyət və əsas xüsusiyyətlərinə nəzəri və normativ aspektdən yanaşılaraq təhlil edilir. Eyni zamanda, elektron vəsaitdə Kibercinayətkarlıq haqqında Budapeşt konvensiyasının Azərbaycanda  implementasiyası (tətbiqi) ilə bağlı məsələlər də təhlil edilir. 
 
Kitab rəqəmsal texnologiya və internet istifadəçiləri, hüquqşünaslar, o cümlədən beynəlxalq hüquq mütəxəssisləri və ümumilikdə bu sahəyə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.