Gənclər üçün dövlət qulluğu üzrə son regional təlim Şəmkirdə keçirilib

qhtxeber.az  Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) tərəfdaşlığı ilə “Region gənclərinin dövlət qulluğuna maraq və imkanlarının artırılması” layihəsi çərçivəsində son təlimi keçirib.
 
Şəmkir Gənclər Evində başlayan 3 günlük gənclərin dövlət qulluğu üzrə son regional təlim – informasiya sessiyasının rəsmi açılışında rayon icra hakimiyyətinin məsul əməkdaşı Səminə Əlizadə, GİKM Şəmkir nümayəndəliyinin direktoru Kənan İbrahimov, rayon gənclər və idman idarəsi rəisinin müavini Elçin Çəfərov, ADTGT sədri Asif Əsgərli, layihə eksperti Gülnarə Bağırova və təlimçi Dadaş Əhmədli iştirak ediblər.
 
Qonaqları salamlayan və təlimə uğurlar arzulayan K. İbrahimov və S. Əlizadə bu tədbirin rayon gənclərinin maariflənməsi və dövlət qulluğuna maraq və stimullarının yaranması baxımından müsbət əhəmiyyətini qeyd ediblər və layihənin region gənclərinin karyera inkişafına, fəal iştirakına və maariflənməsinə xidmət edəcəyini və davamlı olacağını bildiriblər.
 
ADTGT sədri, layihə rəhbəri A. Əsgərli layihə və tədbirlərin qısa təqdimatını edərək, on-line ərizə qəbulu aparıldığını və buna uygun təlimlərə başlanıldığını, 3 gün davam edəcək info sessiyanın sonunda ən yaxşıların seçilərək, Bakıda keçiriləcək “təlimçilər üçün təlim” (TOT) kursuna dəvət olunacaqlarını vurğulayıb. Layihə eksperti G. Bağırova dövlət qulluğunun əhəmiyətini qeyd edərək, gənclərin bu sahəyə maraq və istəklərinin müsbət tərəflərini açıqladı və eləcədə çap olunan materiallar haqda məlumat verib.
 
Sonra təlimçi D. Əhmədli tərəfindən interaktiv metodlarla təlim başlanılıb, iştirakçılar arasında məlumatlılıq səviyyəsinin yoxlanılması üçün pre-test aparılıb. Region gənclərinə dövlət qulluğu proqramına uyğun geniş və əhatəli informasiyalar çatdırılıb.
 
Regional təlimin sonunda gənclərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün post-test aparılacaq və TOT kursu üçün ən yaxşılar seçiləcək.