“Ümummilli Liderimiz” adlı bilik oyunu keçirilib

qhtxeber.az Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümünə həsr olunmuş “Ümummilli Liderimiz” adlı bilik oyunu keçirilib. 
 
Birincilikdə Qaradağ rayonunun fəal gəncləri iştirak edblər.
 
qhtxeber.az-a daxil olan məlumata görə, tədbir Heydər Əliyev Mərkəzi ilə tanışlıqla başlayıb. Gənclərə Mərkəzin əməkdaşları tərəfindən Heydər Əliyevin şəxsi həyatı, ictimai və siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib. Daha sonra tədbir mərkəzin konfrans zalında davam etdirilib. 
 
Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxışında bildirib ki, Ulu öndərin adı ilə bağlı tarixi günlərin yüksək səviyyədə keçirilməsi məqsədilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən rayon üzrə ənənəvi olaraq silsilə tədbirlər keçirilir və böyüməkdə olan nəslin Heydər Əliyev irsinin öyrənilməsində önəmli rolu olan bilik yarışı da həmin tədbirlərin tərkib hissəsidir: “Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və xalqımızı zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub. O, azərbaycançılıq ideologiyasının inkişafını prioritet vəzifə kimi qarşıya qoyaraq Kommunust Partiyasının sərt rejimi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırıb və 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edilib”. 
 
Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov 1969-cu ildən başlayaraq Ulu öndərin gənclər siyasəti sahəsində reallaşdırdığı islahatlardan, gənclərin kütləvi surətdə savadlanması istiqamətində həyata keçirdiyi irimiqyaslı işlərdən danışıb: “Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Ulu Öndərin kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir”. 
 
Bilik yarışının qayda və şərtləri izah olunduqdan sonra yarışa start verilib. Üç mərhlədə keçən yarışın ümumi yekun nəticəsinə əsasən I yerə Gülşən Hüseynova, II yerə Nərmin Alışanlı və Fərid Paşazadə, III yerə isə Fidan Əsgərova və Şəbnəm Feyzili layiq görülüblər. Qaliblər fəxri fərmanlar və hədiyyələrlə təltif olunublar.