“İçəri şəhər” filmi Hyuston film festivalında nümayiş olunur

İlqar Safatın “İçəri şəhər” bədii filmi ABŞ-ın 50-ci “Worldfest Houston” beynəlxalq film festivalında nümayiş olunur.
 
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, Hyuston şəhərində keçirilən festivalda filmimizi Təhminə Rafaella təqdim edir. Təhminə Rafaella “Ən yaxşı qadın rolu”, Firdovsi Atakişiyev isə “Ən yaxşı ikinci plan kişi rolu” mükafatlarına nominant elan olunublar.
“İçəri şəhər” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2016-cı ildə lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.
 
Qeyd edək ki, ekran əsəri ABŞ-ın Cənub-Şərqi Avropa Film Festivalının (SEEfest) əsas müsabiqə proqramına dəvət alıb. Film Misirin 38-ci Qahirə, Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr”, Hindistanın 8 beynəlxalq film festivalında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.