Könüllülər üçün TOT seminarlar: “Azərbaycanda plastik tullantılara qarşı mübarizə”

qhtxeber.az  Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilati dəstəyilə “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” mövzusunda layihə keçirilir.
 
Layihə çərçivəsində müasir metodologiyadan istifadə etməklə aidiyyatı sahədə 30 nəfərdən ibarət könüllülər üçün TOT (Təlimçilər üçün Təlim) seminarlar keçirilib.
 
3 gün davam edən təlimlər zamanı iştirakçılara qeyri-təhsil metodlarından isitifadə edərək praktiki təlimlər və qruplar üzrə komanda işləri təşkil olunub. Təlimlərin ilk iki günü AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri şirkətinin nümayəndələri tərəfindən keçirilib. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
 
Layihə rəhbəri, Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyevin qeyd etdiyinə görə, layihənin keçirilməsində məqsəd plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaqdır. Eyni zamanda layihə müddətində hazırlanacaq sosial film vasitəsilə könüllülərin ətraf mühiti plastik tullantılardan təmiz saxlamaları və 21 sentyabr “Dünya Təmizlik günü”ndə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında maarifləndirici kampaniyaya qoşulmaları təşviq ediləcək.