Şuranın dəstəyilə QHT qalibləri mükafatlandırıb

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Azərbaycançılıq ideologiyasının universitet tələbələri arasında təbliği” layihəsi çərçivəsində növbəti tədbirini keçirib. 
 
Tədbirdə Azərbaycançılıq ideologiyasının ictimai əhəmiyyəti ilə bağlı keçirilən esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub. 
 
 
Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Əlövsət Allahverdiyev deyib ki, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri arasında 65 nəfərin iştirak etdiyi esse müsabiqəsi keçirilib.
 
Tələbələrin müsabiqəyə təqdim etdiyi esselər ekspert və sosioloq tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Esselər əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında dəyərləndirilib. Sosioloq tərəfindən qiymətləndirmə meyarları kimi cəmiyyətin daxili nizamının qorunması, ideyanın cəmiyyətin istəklərinə və mahiyyətinə uyğunluğu, təkdən ümumiyə keçidin optimallığı, müasir sosioloji yanaşmalardan və kəşflərdən istifadə və s. əsas götürülüb. 
 
“Ekspert isə müəlliflərin yazılarını yaradıcılıq qabiliyyəti, yenilik etmək istəyi, mövzunun işlənmə dərəcəsi, dilin səlisliyi, axıcılığı, öz düşüncələrini ifadə etmək qabiliyyəti və s. tərəflərdən qiymətləndirib. Ən yaxşı 3 essenin müəllifi ekspert və sosioloq tərəfindən  müəyyənləşdirilib”- deyə Ə. Allahverdiyev deyib. 
 
 
Keçirilən müsabiqə haqqında ekspert və sosioloq da öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər. Onlar bildiriblər ki, 15 ən yaxşı esse də müəyyənləşdirilməkdədir. Həmin esselər kitabça şəklində çap ediləcək. 
 
Sonra esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. İlk 3 yeri tutan qaliblərə - Xalidə Bayramova, Əbdulbasit Sabirov və Məhəmməd Bayramlıya qiymətli hədiyyələr təqdim olunub.