Şuranın dəstəyilə “Sosial qanunvericiliyin müasir vəziyyəti və perspektivləri” mövzusunda ictimai müzakirə keçirilib

qhtxeber.az  “Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Sosial hüquqların təmin edilməsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” layihəsini həyata keçirir. 
 
Layihənin məqsədi məqsədi benefisiarların sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, praktik hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən QHT-lərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkilindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir.
 
 
Layihə çərcivəsində sosial müdafiəyə xüsusi ehtiyacı olan əhaliyə fərdi qaydada hüquqi məsləhət xidmətinin göstərilməsi məqsədilə sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyəti davam etdirilir. 6 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində həm də regionlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin sosial hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə və ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsi nəzərdə tutulub.  
 
Layihənin icra planına uyğun olaraq Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin akt zalında “Sosial qanunvericiliyin müasir vəziyyəti və perspektivləri” mövzusunda ictimai müzakirə keçirilib. Tədbiri giriş sözü ilə SHAİB sədri, BDU-nin professoru Mayis Əliyev açaraq layihənin mahiyyəti haqqında və layihə çərçivəsində yaradılmış Sosial məsələlər üzrə Hüquq Klinikasında sosial müdafiəyə ehtiyacı olan şəxslərə göstərilmiş hüquqi xidmətlər, eləcədə sosial qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər barədə geniş məlumat verib. 
 
Tədbirdə layihə üzrə sosial işçi Ülvi Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Əlil Qadınlar Cəmiyyətinin Gəncə regional şöbəsinin rəhbəri Elmira İsmayılova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Natiq Əliyev, hüquqşünas Raul İsmayılov, BMT-nin Uşaq fondunun Gəncə şəhəri üzrə layihə koordinatoru, sosial işci İnarə Məmmədova sosial hüquqların həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və sosial qanunvericiliyin təkmilləşdirilməsi prespektivləri ilə bağlı məsələlərətrafında çıxışlar ediblər. 
 
 
Cıxışlarda çətin həyat şəraitində olan şəxslərin (ailələrin) əmək, pensiya, müavinət, tibbi yardım, mənzil və s. hüquqları ilə bağlı məlumatlar, onların hüquqlarının müdafiəsi üsulları və sosial qanunvericiliyin təkmilləşməsi istiqamətində tövsiyələr verilib. 
 
Sonra layihə rəhbəri, prof. Mayis Əliyev tədbir iştirakçılarının suallarına cavab verib və müraciət edənlərə fərdi qaydada hüquqi yardım göstərilib.