Şuranın dəstəyilə Bərdədə “Ödənişsiz hüquqi yardım” günü təşkil edilib

qhtxeber.az  Xəbər verdiyimiz kimi, “Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Sosial hüquqların təmin edilməsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” layihəsinin icrasını davam etdirir.
 
Layihənin məqsədi məqsədi benefisiarların sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, praktik hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən QHT-lərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkilindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir.
 
Layihə çərcivəsində Bərdə rayonunda “Ödənişsiz hüquqi yardım” günü təşkil edilib. Tədbir Bərdə rayonu,  Həsənqaya kəndi, 588 nömrəli məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən 12 sayli Ağdam köçkün orta məktəbinin akt zalında keçirilib. 
 
Tədbirdə ilk olaraq “Sosial hüquqların təmin edilməsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” layihəsinin icra vəziyyəti və sosial məsələlər üzrə hüquq klinikasına müraciətlər və onların mahiyyəti barədə məlumat verilib.  
 
“Ödənişsiz hüquqi yardım” günündə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev, layihənin hüquqşünası Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Aqşin Atalızadə və sosial işçi Ülvi Əliyev tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan əhalinin müraciətlərinə baxılıb və müvafiq orqanlara yönəldilib. Əsasən ünvanlı sosial yardımın verilməsi, alimentin ödənilməməsi, əlilliyin müəyyən edilməsi, bank krediti ödənişləri, pensiya və sosial müavinətlərin verilməsi, məşğulluq, əmək xəsarətlərinə görə ödənişlərin verilməsi və s. ilə bağlı müraciət edən 28 nəfərə bilavasitə hüquqi yardım xidməti göstərilib. Müraciətlərə müvafiq olaraq iddia ərizələri yazılıb, hüquqi məsləhətlər verilib və zəruri hallarda inzibati orqanlara müraciətlər göndərilib. 
 
Qeyd edək ki, SHAİB sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə  (ailələrə) pulsuz hüquqi yardım xidməti göstərməyini davam etdirir və əhaliyə sosial hüquqlarının  müdafiəsi ilə bağlı Bakı şəhəri A.M. Şərifzadə küçəsi 122/121 ünvanına müraciət etməyi xahiş edir. Müraciət etmək istəyənlər lahiyə üzrə əlaqələndirici Ülvi Əliyevlə əlaqə saxlaya bilərlər (055 612 85 45, E-mail: aliyev_ulvi_89@mail.ru).