Şuranın dəstəyilə Şabranda növbəti Dəyirmi masa keçirilib

qhtxeber.az  Xəbər verdiyimiz kimi, “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyi ““Sağlam bədən, sağlam ruh, güclü dövlət” - devizi altında maarifləndirici tədbirlərin təşkili” layihəsini icra edir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçrilən layihə çərçivəsində növbəti Dəyirmi masa Şabran rayonunda keçirilib. 
 
Gənclərin iştirakı ilə Heydər Əliyev Mərkəzində baş tutan tədbiri layihə rəhbəri və İctimai Birliyin sədri Teymur Nəsirov açaraq layihənin məqsədi barədə məlumat verib. Ş. Nəsirov bildirib ki, əsas məqsəd narkomaniyanın fəsadları, insan orqanizminə zərərləri barədə maarifləndirmə işləri aparmaqdır: “Maarifləndirmə işlərinin xüsusilə bölgələrdə aparılması vacibdir. Auditoriyanın gənclərdən ibarət olması isə sevindirici haldır. Çünki Azərbaycanın gələcəyi olan gənclərin bu bəlaya düçar olması xüsusilə ağırdır. Bu baxımdan gəncliyimiz narkomaniyanın fəsadlarından xəbər tutmalı və ondan uzaq olmalıdır”.
 
Şaban Nəsirov narkomaniyanın səbəb olduğu xəstəliklərdən danışaraq bildirib ki, narkotik aludəçilərinin HİV, hepatit C-yə və digər  xəstəliklərə yoluxma ehtimalı böyük olur. O, narkotik istifadəçilər arasında gənc yaşlarında vəfat edənlərin olduğunu bildirərək qeyd edib ki, gənclər ölkəmizə dəyərli vətəndaş, lazımlı kadr olmaq üçün öz sağlamlıqlarının qeydinə qalmalıdırlar. 
 
 
Layihə rəhbəri bildirib ki, narkomaniyanın Azərbaycanda yayılmasının qarşısını tamamilə almaq mümkün olmasa da, həm dövlət, həm də ictimai təşkilatlar tərəfindən kampaniyalar aparılır ki, bunlar da müəyyən effekt verir. Amma bununla bağlı mütəmadi olaraq təbliğatın aparılması, effektli sosial çarxların hazırlanması vacibdir. 
 
Şabran rayon İcra hakimyyətinin nümayəndəsi Fərid Bağırzadə  rayon ərazisində narkomaniya əlehiynə görülən işlər barədə ətraflı məlumat verib və bildirib ki, bu istiqamətdə maarifləndirici tədbirlərin böyük əhəmiyyəti var. Belə ki, bu məsələnin hər zaman diqqətdə saxlanılması və ziyanları barədə mütamadi olaraq ictimayyətə məlumatlar verilməsi vacibdir.
 
Tədbirə qatılmış Quba region QHT-lərin Resurs və Təlim Mərkəzinin sədri Eynulla Xeyrullayev də öz fikirlərin tədbir iştirakçıları ilə bölüşərək bu tipli layihələrin vacibliyindən danışıb. O, gənclərə Şuranın SƏLİS proqramı barədə də ətraflı məlumat verib. Bildirib ki, bu proqram hər bir ölkə vətandaşına layihələrlə yaxından tanış olmaq və öz fikirlərini, təkliflərini bölüşmək baxımından çox önəmlidir.
 
Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb. “Narkomaniya gəncliyin və genofondun bəlasıdır” adlı maarifləndirici buklet tədbir iştirakçılarına paylanılıb.