Könüllülərin “Ətraf Mühit və MƏN-2” adlı yay düşərgəsi keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə könüllü gənclər üçün Şamaxı şəhərində düşərgə təşkil olunacaq. Layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”Dövlət Proqramının vəzifələrindən olan -2.1.17-ci bəndi, həmçinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə 13-cü məqsədi əsas tutaraq könüllü gənclərin ətraf mühit sahəsində maariflənməsindən bəhs edir.  
 
Layihənin icrasında əsas məqsəd könüllü gənclər arasında ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirmə işləri aparmaqla, onlarda bu istiqamətdə faydalı vərdişlər formalaşdırmaqdır. Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə eyniadlı layihə 2014-cü ildə də həyata keçirilib. Layihənin 5 ildən bir davamlı keçirilməsi planlaşdırılıb. Növbəti layihənin isə məhzbu il keçiriləcəyini qeyd edib. Düşərgə 2019-cu ilin gənclər paytaxtı Şamaxı şəhərində baş tutacaq və 16-23 yaş qrupunda 30 nəfər fəal könüllünü əhatə edəcək. Düşərgədə gənclər ətraf mühitin mühafizəsi mövzusunun əhəmiyyəti, onların bu istiqamətdə vəzifə və öhdəlikləri haqqında təqdimatlarda, təlim və qrup işlərində iştirak edəcəklər. Bu fəaliyyətlərin əsas mahiyyəti ondan ibarətdir ki,  könüllü gənclər düşərgədən sonra ətraf mühitin mühafizəsinə daha həssas yanaşaraq, daha təşəbbüskar olsunlar. Düşərgəyə cari sahədə mütəxəssislər cəlb olunacaq. 
 
Sədr həmçinin qeyd edib ki, hal -hazırda yay düşərgəsində iştirak üçün müraciət davam edir. Artıq 676 nəfərin müraciəti daxil olub. Elektron müraciətlər nəzərdən keçiriləcək və uyğun namizədlərlə müsahibə mərhələsinə dəvət olunacaqlar. Düşərgədə iştirak üçün 30 nəfər müəyyən edilsə də, birlik çoxsaylı müraciətləri nəzərə alaraq bu sayı 50 nəfərə qədər artırmağı planlaşdırır. 
 
Layihədə iştirak etmək istəyən gənclər bu LİNKdən qeydiyyatdan keçə bilərlər.
 
Layihənin ümumi icra müddəti 3 aydır. 20 iyun tarixində start götürən layihə 20 sentyabr 2019 tarixində yekunlaşacaq.