Azərbaycan ailəsinin yeni modelleri layihəsi haqqında

Məlahət HƏSƏNOVA, Millət vəkil


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi tərəfindən 2019-cu ilin may ayından həyata keçirilməsinə başlanılacaq “Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” mövzusunda layihənin adından da göründüyü kimi, son illərdə KİV, İnternet və sosial şəbəkələr vasitəsilə xaricdən gələn davamlı güclü təsirlərə, dərin aşınmalara məruz qalan milli ailə formalarının araşdırılması, tədqiqatçılar tərəfindən bir sıra məsələlərin təhlilini verməklə, cəmiyyətimiz üçün uyğun modellər təklif olunması istiqamətində atılan növbəti elmi-sosioloji fəaliyyət növləri olaraq aktual məsələləri əhatə edəcək.
 
İnkişaf etmiş Qərb dövlətlərində ailə problemləri ilə ciddi məşğul olan beyin mərkəzlərinin, QHT-lərin, ailə institutlarının, sosioloji təsisatların çoxsaylı araşdırmalarına, maraqlı nəticələrinə, fərqli metodoloji modellərinə rəğmən, Azərbaycanda da, hökumətimizin çoxistiqamətli fəaliyyətləti daxil olmaqla, dövlət qurumları və ictimai təşkilatlar tərəfindən bir sıra ciddi layihələr həyata keçirilir. Son vaxtlara çoxsaylı elmi-kütləvi tədqiqatlar, sosioloji sorğular, kulturoloji və sosioloji, iqtisadi-sosial araşdırmalar aparılsa da, cəmiyyət və onun kiçik modeli sayılan ailə modelləri, birgəyaşarlıq formaları, gender məsələləri durmadan dəyişikliklərə uğrayır, dövrün – zəmanənin tələblərinə uyğun olan elmi-intellektual yanaşmalar tələb edir.   
 
2018-ci ilin avqust ayında Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin uğurla həyata keçirdiyi, Beynəlxalq Mətbuat Mərkəzində geniş ictimaiyyətin, tədqiqatçıların, alimlərin, həmçinin, yazılı və elektron KİV nümayəndələrinin, TV əməkdaşlarının, yeni – sosial media təmsilçilərinin, bloqerlərin iştirak etdiyi, “Ailə dəyərlərini özündə simvollaşdıran kultların təbliği məqsədilə tədbirlərin təşkili” adlı ilk layihənin nəticələrinin təqdimat mərasimində səslənən fikirlər, eyni zamanda, layihə çərçivəsində nəşrə hazırlanaraq çap edilən “Ailə dəyərlərini simvollaşdıran kultlar” elmi-kütləvi kitabındakı və genişləndirilərək İnternetdə yayımlanan www.zekaishiginda.az ünvanlı saytdakı ailə mövzularına, milli-mənəvi dəyərlərə aid elmi-kütləvi materiallardan, milli ailə mövzunda ictimai dinləmə - dəyirmi masada səslənən mülahizələrdən də belə nəticə çıxarmaq olar ki, bu ictimai birlik, öz profilinə uyğun olaraq, problemlərin əsas səbəblərini, həmçinin, qlobal dünyada gedən inteqrasiya çağında planetin müxtəlif ölkələrində yaşayan 55 milyonluq soydaşlarımızın ailə-məişət düşüncələrini təhlil etmək, ümumiləşdirərək əlaqədar orqanlar, geniş ictimaiyyət qarşısında vacib sayılan təkliflərlə çıxış etmək gücündədir.
 
QHT-nin yeni layihəsi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət növlərindən, nəşr etmək fikrində olduğu toplunun planından da göründüyü kimi, ictimai birlik üzvləri müasir həyatın bütün sahələrinin qloballaşdığı, İnternetləşdiyi, elektronlaşdığı - virtuallaşdığı bir vaxtda yeni nəsil nümayəndələri, eləcə də başqa ölkələrdə yaşayan, xarici mədəniyyətlərin daşıyıcılarına çevrilməkdə olan gənc soydaşlarımız arasında Azərbaycan milli-mənəvi dünyagörüşünün tərkibində etnik kimliyimizin bir hissəsinə çevrilən ailə dəyərlərinin dirçəldilməsini qarşısına məqsəd qoyublar. Ancaq, eyni zamanda, modern ailə formalarının modellərini işləyib hazırlayan mütəxəsislərin iştirakı ilə ictimai-mədəni, sosial-intellektual müzakirələrə rəvac verə biləcək elmi-kütləvi toplunun nəşr edilməsi həm də bu istiqamətdə sahəvi ədəbiyyatın zənginləşməsinə xidmət edəcək. 
 
Vaxtilə bizim də rəhbərliyində işlədiyimiz Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə geniş fəaliyyətlər göstərir. Sevindirici haldır ki, müxtəlif ictimai birliklər, QHT-lər də bu istiqamətdə hər zaman Milli Məclisin aidiyyəti orqanları, komitələri, eləcə də digər rəsmi dövlət strukturları ilə sıx əlaqələr yaradır, milli ailə modellərimiz mövzusunda müxtəlif layihələr həyata keçirirlər.
 
Keçmiş SSRİ-nin dağlması ilə bir formasiyadan digər yaşam tərzinə keçən cəmiyyətimiz, eləcə də Ermənistanın işğalçı siyasəti, Qərbi Azərbaycan və Dağlıq Qarabağdakı məlum münaqişələr nəticəsində doğma yurd-yuvalarından qovulan milyona yaxın insanımızın, yüz minlərlə ailələrimizin taleyi hamımızı düşünməyə vadar edir. Diqqətimizdə o da var ki, çağdaş genetik-mənəvi xəritəmizi aşındıra biləcək liberal-radikal dalğalar milli dəyərlərimizə dağıdıcı təsirlər vurur, təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, sonralar möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi, I Vitse-prezident, bütün dünyada qadınlarımızın, analarımızın dostu, ailə dəyərlərinin böyük təbliğatçısı kimi vətəndaşların böyük etimadını qazanan Mehriban xanım Əliyevanın birbaşa iştirakı ilə müstəqil ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasətimiz bu istiqamətdə problemlərin böyük əksəriyyətini aradan qaldırılmasına səbəb oldu.
 
Açıq dünyada yaşadığımızdan, müasir Azərbaycan insanına, ailəsinə, milli-mənəvi dəyərlərimizə, ailə formalarımıza xaricdən, yeni texnologiyalar vasitəsi ilə müxtəlif təziqlərə, təsirlərə məruz qalır. Problemin kəskinliyini nisbətən azaltmaq, nəsillər arasında dərinləşən mənəvi-ruhi uçrumları aradan qaldırmaq üçün əsrlər boyu formalaşan məişət-ailə institutlarımızı, sosial-mənəvi təsisatlarımızı daha da möhkəmləndirmək, qədim və modern dəyərlərin sintezindən ibarət nigah modellərini tədqiq etmək vacibdir. Azərbaycan cəmiyyətinin tarixən qazandığı mənəvi dəyər konseptləri və mədəni institutları içərisində ailə ilə bağlı anlayışlarla ağsaqqallıq - ağbirçəklik dəyərərinin xüsusi yeri vardır. Təəssüflər olsun ki, son zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olur və bəzi hallarda gənclərimizin bir hissəsi liberal dəyərlər – insan haqları, qadın azadlığı, gender bərabərliyi, cinsi azlıqların hüquqlarının qorunması kimi “dəbə mindirilən trendlər”in təsiri ilə o qarayaxmalara, sosial şəbəkələrdəki mənfi tendensiyalı virtual aksiyalara qoşulurlar. 
 
Bu baxımdan, həyata keçirilməsi təklif olunan, “Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” layihəsi nəticəsində yeni sosial-kulturoloji hərəkata başlamaq, eyni zamanda, çağdaş dünyada get-gedə zəifləyən ailə dəyərlərinin bərpası və genişlənməsi istiqamətində fərqli formatlı aksiyalar həyata keçirmək sadalanan mənfi halları nisbətən zəiflətməyi qarşısını məqsəd qoyduğundan dəyərləndirilməlidir. Yaşlılara olan sayğını, gənclərə-uşaqlara yönəli sevgini artırmaqla, bu istiqamətdəki gərginlikləri azaltmağı, qədim dəyərlərimizin dirçəldilməsini, daha da inkişaf etdirilməsi məsələlərinin araşdırılmasını, o istiqamətdə ciddi addımları, innovativ təşəbbüsləri, yeni yaşam dünyagörüşlərini, modern ailə modellərini, yeni nəslin qəbul etdiyi çevik formaları dəstəklədiyinə görə də bu fəaliyyət növləri aktual sayılmalıdır.
 
Ailə konsepsiyamızın əsas məsələlərindən biri də mental dəyərlərimizdən qaynaqlanan erkən nigahlar, azyaşlıların vaxtından əvvəl, iradələrinə zidd  evləndirilməsi, bunların acı nəticələri olaraq boşanmalar, eləcə də yarımçıq, münaqişəli, yaralı ailə tipləri ilə bağlı get-gedə aktuallaşan problemlərinin  cəmiyyətə, dövlətə yükə çevrilməsi ilə bağlıdır. Vaxtilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışdığımız illərdə də, elə Milli Məclisin dörd çağırış üzvü kimi bu məsələləri daima öz diqqətimizdə saxlamağa çalışmışıq. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü və YAP Nəsimi rayon təşkilatının sədri kimi indinin özündə də ictimai-sosial fəaliyyətlərimizdə ailə məsələlərinə xüsusi həssaslıqla yanaşmağa çalışırıq.     
 
Layihənin əsas hədəfi modern ailə dəyərlərinin zənginləşməsində, qorunmasında, inkişaf etdirilməsində, tədqiqi və təbliği istiqamətində yeni nəslə çatdırılmasında, İnternet və qlobal elektron resurslarında, sosial şəbəkələrdə geniş yayılmasında gənclərin rolunun artmasına nail olmaq, bu yöndə fərqli metodların, formaların axtarılaraq tapılmasına, ictimaiyyət tərəfindən tanıdılmasına, dəstəklənməsinə yönəldilib. Bu mənada milli və modern ailə dəyərlərinin problemlərinə həsr olunan layihə, çap ediləcək toplu, ortaya çıxan elmi-sosioloji materialların elektronlaşdırılaraq yerləşdiriləcək saytın cəmiyyətimiz üçün xüsusi əhəmiyyətini nəzərə alaraq, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi tərəfindən  həyata keçirilməsi planlaşdırılan “Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili” layihəsini dəstəkləyir, icraçılara fəaliyyətlərində uğurlar arzulayırıq.
 
Məlahət HƏSƏNOVA
Millət vəkili