DOSTlaşan, SƏLİSləşən ASANlaşan həyat...

Əkbər Qoşalı


Azərbaycan Prezidentinin ölkədə sosial sferanın inkişafı, əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirdiyi ardıcıl, məqsədyönlü siyasət özünün bəhrələrini verməkdədir. 
 
Ötən ayın son günü, sosial-iqtisadi sahə ilə bağlı prezidentin yanında keçirilən müşavirədə həm prezidentin öz nitqində, həm də, müvafiq sahələr üzrə məruzələrdə dövlət siyasətinə uyğun işlərin icra vəziyyəti, hazırkı dövrə olan nəticələr və əlbəttə, qarşı dönəmə dair gözləntilər barədə ətraflı danışıldı, faktlar deyildi. Bu müşavirə ilə cari ilin birinci yarısı üzrə sosial-iqtisadi göstəricələr bir daha incələndi, dövlət başçısına ətraflı hesabat verildi və ictimaiyyət bilgiləndirildi.
 
“İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir.” – Prezidentin bu sözləri dövlətimizin, ölkənin sosial-iqtisadi ovqatını ən ümumi şəkildə ifadə edir və bu ümumi dəyərləndirmə həm prezidentin öz nitqində həm də sahəvi məruzələrdə söylənən faktlarla, statistik göstəricilərlə konkretləşdirilmiş (xüsusiləşdirilmiş) oldu.
 
Məsələn, ölkənin prioritetləri bir daha ifadə olundu, deyərdim, sosial-iqtisad məsələlərə diqqət kəsilən hər kəs üçün maarifləndirici bilgilər paylaşıldı. Artıq hansısa siyasi şou, siyasi manipulyasiya, fikri spekulyasiya azarında olanlar da düşünməli, nəticə çıxarmalıdır. Bu qədər rəqəm, bu qədər göstərici, əhalinin artıq öz dolanışacağında hiss etdiyi, edəcəyi irəliləyiş gözardı edilə bilməz. Elə bilirəm, prezidentin yürütdüyü siyasət problemləri danmaq yox, onları həll etmək xəttində olduğu kimi, müxalif mövqelilər də etiraf etməyi, irəliləyişləri qeyd etməyi və özlərinin hansısa siyasi-psixoloji problemlərini danmazq yox, onları həll etmək xətti tutmalıdır. – “Problemlər çözülməkçün mövcuddur”. Məncə, iqtidarın “nəyi, nə zaman, harda, necə və kiminlə icra etmək?” sualına olumlu cavabı müqabilində bəzi siyasi opponenentlərin səbrsizliyi ( Tovuzlulular demiş, hətütlüyü) onların əsas yanlışını şərtləndirir...
 
***
 
Qayıdaq müşavirəyə.
 
2019-cu ilin I yarısında respublikanın öz inkişaf dinamikasını qoruyub saxladığı, qeyri-neft sektorunda, o cümlədən kənd təsərrüfatında yüksək nəticələr əldə edildiyi, qarşıya qoyu¬lan vəzifələrin layiqincə yerinə yetirildiyi şəxsən prezidentin özü tərəfindən, faktlarla ifadə edildi.
 
Azərbaycan Prezidenti həyata keçirilən islahatlar nəticəsində əldə olunan əlavə gəlirlərin prioritet sahə olan sosial sferanın inkişafına yönəldildiyini diqqətə çatdırdı. Elə bilirəm, məhz cari il ərzində bu yöndə atılan addımlar və əldə edilən nəticələr əhalimizə daha aydın şəkildə bəllidir.
 
Bəlli olduğu kimi, dövlət başçımız hələ 2018-ci ilin sonlarında açıqlamışdı ki, qarşıdan gələn dövrdə əhalinin sosial durumunun daha da yüksəldilməsi hökumət üçün prioritet təşkil edəcək.
 
Artıq ictimaiyyətə geniş şəkildə əyan olduğu kimi, 2019-cu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyev iki böyük sosial islahat zərfini təsdiq etdi.
 
Birinci zərfdə 3 milyon (!) vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artlrılması, önəmli sosial məsələlərin həllinə 1.6 milyard (!) manatın yönəldilməsi nəzərdə tutuldu və zərfə daxil edilənlər bütünlüklə icra olundu.
 
İkinci zərfin icrası ilə bağlısa, hazırlıq işləri tamamlanıb, növbəti aydan minimal əmək haqqının 250 manata çatdırılması, əlavə olaraq 400 min nəfərin maaşının 20-50 faiz artı¬rılması, 750 min pensiyaçıya verilən vəsaitin oktyabrın 1-dən yüksəldilməsi nəzərdə tutulub.
 
Hər iki zərfin ümumi məbləği cari il üçün 2.3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat, ümumilikdə 4.2 milyon (!) vətəndaşın əhatə edilməsini və 5.2 milyard (!) manatın sərf olunmasını nəzərdə tutur.
 
İstər sözügedən iki zərf, istərsə, haqqında danışdığımız müşavirdə səsləndirilən digər önəmli faktlar, statistik göztəricilər aydın şəkildə göstərir ki, Azərbaycan dövləti sosial sa¬hədə hansı iradə və imkanlara malikdir; digər tərəfdənsə şəxsən prezidentin həyata keçirdiyi siyasətin nə qədər təsiredici olduğunu, gerçəkləşən islahatların nə qədər hissedilən olduğunu və hansı gerçək nəticələrdə təcalla etdiyini göstərir.
 
Təkcə onu demək yetərlidir ki, respublikamızda pensiyanın aşağı həddi 72 faiz artıldığına görə, ölkəmiz minimal pensiya üzrə alıcılıq qabiliyyəti baxımından MDB-də birinci olacaq. (Minimal əmək haqqının 250 manata çatdırılnasından sonra isə Azərbaycan bu göstərici üzrə MDB-də ikinci sırada qərarlaşıb.)
 
Bundan başqa, müavinətlərin, təqaüdlərin artırılması 300 min əlilliyi olan şəxsi, 500 min məcburi köçkünü, 100 mindən artlq tələbəni, ümumilikdə 1.3 milyon (!) insanı əhatə edib. Ən əsası, belə addımlar aztəminatlı təbəqəni əhatə etməklə bu kateqoriyaya aid olan insanların sosial drumunun xeyli yaxşılaşdırılmasını təmin edəcəkdir.
 
Bu yerdə digər bir istiqaməti də vurğulamadan keçməyək: Azərbaycan Prezidentinin başqa təşəbbüsü sosial sığorta sahəsində inqilabi irəliləyişi təmin etməklə bağlıdır. Belə ki, 2006-2018-ci illərdə sığortaya hətta cüzi məbləğ ödəyənlərə belə 25 illik sığorta stajı hesablanıb. Bunun nəticəsində yanvarın 1-dən heç bir bürokratik əngəl olmadan 13 min nəfərə pensiya təyin olunub. Bu siyasətin davamı olaraq il ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi (!) də əhatə olunacaq. 
Prezident bununla da yetinməyərək, məşğulluq proqramı üzrə görülən işlərin sürətləndirilməsini tələb edib, hökumətə tapşırıq verib. Ötən il bu proqram 6 min ailəni əhatə edib, bu il isə əlavə vəsaitlərin cəlb olunması nəticəsində 10 min ailənin əhatə olunması nəzərdə tutulub. Əhali arasında populyarlığı yüksələn bu proqram çərçivəsində ƏƏSMN-ə artıq 45 min müraciət daxil olub, 4 min nəfər təlim keçib, nə qədər vətəndaşımız “aktiv” əldə edib.
 
Bununla yanaşı, DOST mərkəzlərinə 20 min müraciət daxil olub, vətəndaşların məmnunluq səviyyəsi 93 faizə (!) yüksəlib. Bu gün DOST mərkəzləri artlq 126 növ xidmət təklif edir. Bu il daha bir, gələn il isə 3 mərkəzin açılması nəticəsində Bakı əhalisinin 80 faizi yeni xidmətlə əhatə olunacaqdır.
 
Yeri gəlmişkən, sosial xidmət sahəsində öncə ASAN həyatla tanışan, ardınca DOST qazanan vətəndaşımız (cəmiyyətimiz), respublikamızda əsas milli donor institutu olan Azər-baycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının SƏLİS xidməti ilə də zamanını süslənməkdə, habelə Dövlət Aqrar Ticarət Şirkətinin “Kənddən şəhərə” markası ilə məmnunluğunu artırmaqdadır. Qarşı dönəmdə tibbi sığorta məsələləri, ikinci sosial zərfin tam gücü ilə tətbiqi və digər (artıq sadaladığımız) istiqamətlər üzrə konkret nəticələr meydana çıxınca, vətəndaşımızın yaşamı daha xoş, ovqatı daha yaxşı, güzəranı daha məmnunedici olacaq!
 
Bütün bunlar Azərbaycan Prezidentinin əhalinin rifahının yüksəlməsi məsələsini priotitet sahə kimi diqqətdə saxladığını, artıq bu istiqamət üzrə çox böyük işlər görüldüyünü və qarşıdan gələn illərdə də bu tendensiyanın qorunub saxlanacağını bir daha təsdiq edir. Daha doğrusu, burada təsadüflərdən, tendensiyalardan deyil, qanunauyğunluqlardan danışmaq daha düzgün olardı. Bu söz, yalnız qəbul edilmiş qanunları, imzalanmış sərəncam və fərmanları, digər normativ hüquq aktları nəzərdə tutmur, ilk növbədə prezidentimizin alovlu vətənpərvərliyini, xalqcanlılığını, xalqa yüksək xidmətin prezident üçün xarakterik özəllik olduğunu ifadə edir.
 
İrəli, Azərbaycan!