Şuranın dəstəyilə “Təlimçi Sertifikatı” təqdim olunub

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti  yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Binəqədi rayonu Gənclər Evində “Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması” layihəsi çərçivəsində “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən  təlimlər keçirilib.
 
Tədbir iştirakçılarını salamlayan Binəqədi rayonu Gənclər Evinin direktoru Ələkbər Mustafayev gənclərə maarifləndirmə işində önləyici tədbir  olaraq - Narkotik vasitələrə və psixotrop maddələrə dair yaş qruplarına görə doğru məlumatlandırma, güclü ailə bağları, valideynlərin övladlarına qarşı qayğılı və diqqətcil olmaları, kimlərlə dostluq etmələrindən xəbərdar olması, məktəb, ali təhsil müəssisələri , əyləncə mərkəzləri kimi müəssisələrlə güclü bağların qurulması kimi faktorlara diqqət yetirməyi, sosial şəbəkələrdə aktiv təbliğat kampaniyaları aparmağı tövsiyə edib.
 
Layihə rəhbəri, “Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri Vidadi Fətullayev çıxış edərək deyib: ”Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin səmərəli fəaliyyəti nəticəsində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib. Bu gün Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır, idmançılarımız beynəlxalq idman yarışlarında böyük nailiyyətlər qazanırlar. Bütün bu uğurları davam etdirmək və gələcək nəsillərə ötürmək üçün milli-mənəvi dəyərlərə bağlı, zərərli vərdişlərdən uzaq gənclik yetişdirilməlidir. Bu məsuliyyət təkcə dövlət qurumlarının deyil, cəmiyyətimizin bütün üzvlərinin üzərinə düşür. İnanırıq ki, NMDK İşçi Qrupun sektor müdiri tərəfindən təqdim olunan təlimlərimizdə iştirak etmiş bütün ictimaiyyət nümayəndələri əldə etdikləri məlumatlarla, narkotiklərə qarşı maarifləndirmə işlərində başarılı olacaqlar”.
 
QHT sədri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi  Şurasının yeni yaratdığı "SƏLİS"-in (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) e-vətəndaş proqramı barədə də tədbir iştirakçılarını məlumatlandırdı və onları qeydiyyatdan keçərək, öz təklif, irad və rəylərini bildirməkdəaktiv olmağa çağırıb.
 
Tədbir iştirakçılarından psixoloq Aynur Məmmədova çıxışında təlim sayəsində bir çox yeni faydalı məlumat əldə etdiyini, bir valideyn kimi belə tədbirlərin məktəblərdə də davamlı keçirilməsinin zəruri olduğunu qeyd edib.
 
Çap materialları və maarifləndirici bukletlərin paylanıldığı seminar-təlimin sonunda fəal iştirakçılara “Təlimçi Sertifikatı” təqdim olunub. Sertifikat alan iştirakçılar çıxışlarında öz iş və təhsil yerlərində maarifləndirmə ilə bağlı davamlı tədbirlər keçirəcəklərini deyiblər və  belə vacib mövzulara verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti  yanında QHT-lərə Dövlət  Dəstəyi Şurasına və ictimai birliyə öz minnətdarlıqlarını ifadə edbilər.