İsmayıllının Sumağallı və Sulut kəndlərində tibb məntəqələrinin açılışı olub

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində layihəsi hazırlanan Sumağallı və Sulut tibb məntəqələrinin açılışı olub.
 
Sumağallıda keçirilən ilk açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, layihəni həyata keçirən QHT-“Gənclər İnkişaf Naminə” İctimai birliyinin rəhbəri Rasim Allazov, digər rəsmi şəxslər, kənd sakinləri, tibb işçiləri, müəllimlər, veteranlar, ağsaqqallar iştirak ediblər. Tədbir Azərbaycanın və Yaponiyanın Dövlət Himnlərinin səsləndirilməsi ilə başlanıb.
 
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, Dövlət müstəqilliyi illərində Azərbaycanla Yaponiya arasında işgüzar və diplomatik əlaqələr daha intensiv xarakter alıb. Bu əlaqələrin səmərəli nəticələri İsmayıllıda da öz əksini tapıb. Regionda ilk şəhər İsmayıllıdır ki, Yaponiyanın İto şəhəri ilə qardaşlıq və dostluq əlaqələri yaradıb. Şagird mübadilələri, distant yolla dil öyrənmək, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu əlaqələrin nəticəsi hesab edilməlidir. Yaponiya səfirliyinin dəstəyi ilə bu gün istifadəyə verilən tibb məntəqəsi də insan sağlamlığına qayğıdan irəli gəlir. Biz, Sumağallı sakinlərinə bəxş olunan bu layihəyə görə Yaponiya dövlətinə, cənab səfirə minnətdarlığımızı bildiririk.
 
Səfir cənab Teruyuki Katori çıxış edərək deyib ki, Azərbaycandan 7500 kilometr Şərqdə olan Yaponiya ilə ölkəniz arasında müstəqillik illərində çox möhkəm əlaqələr yaranıb. Bu əlaqələr başlanğıcını min illər bundan əvvəlki tarixdən – “İpək yolu” açılan zamandan götürür. Bu əlaqələrin nəticəsi olaraq ölkəmiz Azərbaycanda bir çox layihələr – uşaq bağşası, tibb məntəqəsi, məktəb, içməli su çəkilişi, suvarma sistemləri və sair layihələr həyata keçirib. Sumağallı tibb məntəqəsi İsmayıllıda 15-ci layihəmizdir. Çalışacağıq ki, əlaqələrimiz və layihələrimiz bundan sonra da davamlı olsun.(milletinsesi.info)
 
Arzu “Qadın inkişaf qrupu”nun rəhbəri Arzu Mirzəyeva və ağsaqqal ziyalı Hüsen Xəlilov da çıxış edərək belə dəyərli, vacib sosial layihənin icrası üçün minnətdarlıqlarını bildiriblər.
 
Sonra tibb məntəqəsinə baxış keçirilib. Səfir uşaqlarla, ağbirçək qadınlarla, iştirakçı sakinlərlə şəkil çəkdirib.
 
Rəsmi iştirakçıların bir qrupu RİH başçısının birinci müavini Rövşən Ağayevlə birgə Sulut tibb məntəqəsinin açılışına gediblər.
Sumağallı və Sulut tibb məntəqələrinin tikintisinin birgə məbləği 89 min 270 ABŞ dolları təşkil edib.