Şuranın dəstəyilə hazırlanmış “Xocalılı Ləfixanım” sənədli televiziya filiminin təqdimatı keçirilib

qhtxeber.az  Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Xocalıya Ədalət kompaniyası zamanın tələbidir” layihəsi çərçivəsində hazırlanmış “Xocalılı Ləfixanım” adlı sənədli televiziya filiminin təqdimatını keçirib.
 
“Xocalılı Ləfixanım” adlı sənədli televiziya filimində real hadisələr yer alıb. Bu qanlı faciəni yaşayan ailələlərdən biri də Salman Abbasovun ailəsi olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə onlar da meşə və qarlı aşırımlardan keçərək canlarını qurtarmağa çalışmışdılar. Ailənin bir neçə üzvü ermənilər tərəfindən əsir götürülmüş və bu əsirlik müddətində onlara ağır işgəncələr verilmişdi. Məhz bu qəddarlığın nəticəsində onlar sağalmaz yaralar almış, qarlı aşırımlardan keçib gəldikləri zaman ayaqlarını don vurduğuna görə həmin ailənin beş üzvünün ayağı topuqdan aşağı amputasiya edilmişdi. “Xocalılı Ləfixanım” adlı bu sənədli televiziya filmində ailənin sonbeşiyi olan Ləfixanım və bütün ailə üzvlərinin iştirakı ilə Xocalı faciəsi yenidən yad olunur.  
 
“Xocalılı Ləfixanım” sənədli televizya filmi Azərbaycan xalqına, xüsusən də uşaqlara, qadınlara qarşı həyata keçirilmiş Xocalı soyqırımının bütün dünyaya tanıdılması və bu soyqırıma beynəlxalq təşkilatlar tərəfindən ədalətli, siyasi, hüququ qiymət verilməsi məqsədini daşıyır. 
 
Təqdimat mərasimini layihənin rəhbəri Məhluqə Rəhimova açaraq gələn qonaqları salamlayıb, layihənin məqsədi barədə məlumar verib. 
 
İştirakçılar tərəfindən bir dəqiqəlik sükutla şəhidlər yad edilib, Azərbaycanın himni səsləndirilib. 
 
Ssenari müəllifi Mahir Qəribov filmin çəkilişi zamanı görülən işlər barəsində ətraflı çıxış edərək suallara cavab verib. 
 
“Xocalılı Ləfixanım” sənədli televiziya filimində respublikanın tanınmış ziyalıları, BDU-nun kafedra müdürü, tarix elimləri doktoru, professor Anar İsgəndərov, şair, yazıçı publisisit, əməkdar jurnalist Eldar İsmayıl, Xocalı İH-nin müavini Xəlil Vəliyev, İsveç Azərbaycan Konfederasyonunun nümayəndəsi Səttar Sevgin, Ombudsman Aparatının nümayəndəsi Müqalib Mahmudov, filmin ssenari müəllifi, Tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, rejissor Seyidağa müəllim Xocalı hadisələrinin şahidləri olan Xocalı sakinləri və başqaları iştirak ediblər, müzakirələr zamanı film ilə bağlı fikirlərini bölüşüblər.