Şuranın dəstəyilə “İcbari tibbi sığortanın müasir vəziyyəti və prespektivləri” mövzusunda ictimai müzakirə keçirilib

qhtxeber.az  Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi (AİİYM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycanda əhalinin icbаri tibbi sığоrtа ilə bağlı məlumatlılığın artırılması və maarifləndirmə işinin təşkili” layihəsini həyata keçirir. 
 
Layihənin mahiyyəti əhalinin icbаri tibbi sığоrtа –tibbi yardım almaq hüququ, icbari tibbi sığortanın mahiyyəti,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və icbari tibbi sığorta sistemi subyektlərinin  statusu,  icbari tibbi sığorta proqramı əsasında vətəndaşlara göstərilən tibbi xidmətin şərtləri, növü, həcmi (baza zərfi) və s. sahəsində məlumatlılığın artırılmasından və hüquqi maarifləndirilmənin aparılmasından ibarətdir.  
 
Layihə çərçivəsində Sabirabad rayon Mərkəzi Xəstəxanasının akt zalında “İcbari tibbi sığortanın müasir vəziyyəti və prespektivləri” mövzusunda fərdi sahibkarların, tibb və sosial işçilərin, yerli QHT-lərin və icmaların nümayəndələrinin iştirakı ilə ictimai müzakirə keçirilib. 
 
Tədbiri giriş sözü ilə “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin sədri Ülvi Əliyev açaraq layihə barəsində geniş məlumat verib. 
 
Layihənin hüquqşünası, professor Mayis Əliyevin “İcbari tibbi sığorta:mövcud vəziyyət və prespektivlər” mövzusunda məruzəsi dinlənilib. İctimai müzakirənin iştirakçılarına 2020-ci ilin 1 yanvarından sonra tətbiq ediləcək İTS-nın mahiyyəti, subyektləri, əhəmiyyəti, bu sistemin xarici  ölkələrdə formalaşmış olan təcrübəsi barəsində geniş məlumat verilib. 
 
İctimai müzakirədə çıxış edən sosial işcilər, tibb müəsissələrinin və yerli icmaların nümayənələri, fərdi sahibkarlar  İTS-nın əhalinin sağlamlığının qorunması və bu sahədə maliyyə risklərinin aradan qaldırması baxımından əhəmiyyətini vurgulayıblar və bunu Azərbaycan dövlətinin son dövrlərdə reallaşdırdığı sosial islahatların tərkib hissəsi kimi dəyərləndiriblər.  
 
Sonra isə tədbir iştirakçıları tibbi yardım almaq hüquqların həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi prespektivləri ilə bağlı məsələlər ətrafında çıxışlar edərək özlərinin tövsiyələrini veriblər.