Fuad Nağıyev: “İşğal edilmiş ərazilərin turizm imkanlarının təbliğatı yolverilməzdir”

qhtxeber.az  “İşğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm təbliğatı qətiyyən yolverilməzdir”.
 
Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasındakı çıxışında danışıb.
 
Turizmdə etik normaların vacibliyindən danışan Agentlik sədri bildirib ki, Ümumdünya Turizm Təşkilatı çərçivəsində qəbul olunmuş etik və sivil qaydalara riayət olunduqda o daha da effektiv quruma çevrilir.
 
Fuad Nağıyevin sözlərinə görə, beynəlxalq platformalarda, sərgilərdə bəzi ölkələr təxribatlara yol verir və bu qətiyyən yolverilməzdir, bu halların qarşısı alınmalıdır. 
 
Xatırladaq ki, sentyabrın 9-da Rusiyanın Sankt-Peterburq şəhərində turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb.
 
65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs iştirak etdiyi sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alır.