Qarabağ həqiqətlərini dünyaya tanıdan Azərbaycan gəncliyi

Dağlıq Qarabağ mövzusu yaşından aslı olmayaraq, hər bir ölkə vətəndaşının ağrılı yeridir. Müasir tariximizin ən faciəvi səhifəsində çevrilən Qarabağ müharibəsi, onun nəticələri son illərdə bir çox dünya ölkələrinin diqqətini özünə çəkib. Azərbaycanın uğradığı təcavüzün dəhşətlərinin beynəlxalq aləmdə tanınmasında ölkə gəncliyinin də önəmli rolu var.
 
Öz sıralarında gəncləri birləşdirən birliklər hansı işləri görür? Dağlıq Qarabağ həqiqətlərinin tanıdılmasında tədbirlər görülürümü?
 
Modern.az-ın əməkdaşı belə birliklərlə əlaqə saxlayıb, onların bu istiqamətdə gördükləri işlər barədə maraqlanıb.
 
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirir ki, təmsil etdiyi  birliyin  ilin sonunadək Dağlıq Qarabağ həqiqətlərinin tanıdılması istiqamətində bir çox planları var.
“İrəli Azərbaycan gəncliyinin səngərdə duran ən vacib hissəsi, əsgərlərlə il ərzində mütəmadi olaraq görüşlər həyata keçirir. Bundan əlavə, gənclərin hərbi vətənpərvərlik ruhunun artırılması istiqamətində həyata keçirdiyimiz ən önəmli layihələrdən biri “Marş irəli” layihəsidir. Bu layihəyə 2018-ci il Ağdam rayonunun Quzanlı istiqamətindən start verilib. İlkin mərhələdə regionlar da daxil 100-dən çox gənc iştirak etdi. İkinci layihə Goranboyda təmas xəttinə yaxın 200 gəncin iştirakı ilə baş tutdu. Bu proqram çərçivəsində hərbi-ekspertlərlə, qazilərimizlə görüşlər təşkil  edilir, müxtəlif  təlim metodları, silahla davranış qaydaları və s. öyrədilir. “İrəli” İctimai Birliyi Xocalı faciəsi ilə bağlı mütəmadi olaraq anım yürüşləri həyata keçirir, həmçinin  “25 Böyüməyən uşaq” filminin gənclər arasında  təbliğinə çalışırıq”.  
 
Mirhəsən Seyidov deyir ki,  gənclər sosial şəbəkələr üzərindən də Dağlıq Qarabağ həqiqətlərinin tanıdılmasına kömək edirlər. “Bizim gənclər sosial şəbəkələr üzərindən Dağlıq Qarabağ həqiqətlərinin tanıdılması məqsədi ilə  müxtəlif sosial şəbəkə kompaniyalarında diskussiyaların təşəbbüskarıdır. Bu ilin ilk 6 ayında 4 hərbi-vətənpəvərlik layihəmiz həyata keçirilib. 2017-ci ildə təsis etdiyimiz “Gənclər Kuboku”nun mövzusunu bu dəfə  2016-cı il Aprel döyüşlərinin xatirəsinə uyğun olaraq, “Aprel zəfəri”nə həsr etdik. Sevindirici haldır ki, “Aprel  zəfəri” oyunlarında  8 idman növü üzrə  Azərbaycanın müxtəlif regionlarından yaradılmış komandalar halında 3500 nəfərdən artıq gənc yarışdı. Bu qədər gəncin arasından seçilən qaliblər final oyununu Ağamın Quzanlı qəsəbəsində, “Qarabağ” futbol klubunun əzəli stadionunda həyata keçirdi. Təmas xəttində əsgərlərlə görüşdük, nahar etdik.  Bizim gənclər Qarabağ  reallıqlarının dünyaya çatdırılmasında da fəal iştirak edirlər. “News-Xchange” adlı təcrübə proqramlarımız çərçivəsində dünyanın müxtəlif ölkələrində 70-80 nəfərə yaxın gəncimiz təcrübə proqramlarında iştirak edərək, Azərbaycan həqiqətlərinin tanıdılmasında xüsusi rol oynayırlar”.
 
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov da birliyin üzvü olan gənclərin Qarabağ mövzusu ilə bağlı layihələrdə xüsusi maraqla iştirak etdiklərini bildirir. “Biz 2011-ci ildən Ağdamda, cəbhə bölgəsində qaçqın və məcburi köçkün ailələri ilə görüşürük. Görüş zamanı “Orada bir kənd var, uzaqda” mahnısının klipini elə cəbhə bölgəsində çəkmişik. Ondan sonra həmin ərazidəki gənclərin Dövlət Filormoniyasında konsertini təşkil etdik. “Xocalıya ədalət” kompaniyası ilə bağlı  beynəxalq təşkilatlara, səfirliklərə e-mail aksiyası keçirib, 20-dən çox videoçarx hazırlamışıq. Aprel döyüşlərində bizim bir kampaniyamız var idi, Cocuq Mərcanlıdan-Şuşaya adlı layihə həyata keçirmişdik. Hətta, həmin işğal bölgəsi azad olunduğu gündən başlayaraq biz oraya gedib ağacəkmə aksiyasını təşkil etdik.  Hər getdiyimizdə 70-80-dən artıq gənc bu layihədə çıxış edirdi. Dağlıq Qarabağ gənclərinin regional müşavirələri hər zaman diqqətdə saxlanılıb, yazı-inşa müsabiqəsi keçirilib”.
 
Seymur Orucovun sözlərinə görə, baş nazirin müavini Əli Əhmədov da gənclərin Qarabağ mövzusu ilə əlaqədar işlərində fəal iştirak edir. “Yaxın zamanlarda partiyamızın icra katibi, baş nazirin müavini Əli Əhmədov cəbhə bölgəsində əsgərlərlə, həmçinin  Ağcabədidə gənclərlə görüşdü. Biz həmçinin, Novruz bayramlarında dəfələrlə Fizuli rayonunun cəbhə bölgəsindəki əsgərlərlə gənclərin görüşlərini keçirmişik. Yəni, Dağlıq Qarabağ, vətənpərvərlik mövzusu hər zaman gənclərimizin diqqqət mərkəzindədir. Birliyin İstanbulda “Xocalıya ədalət” kompaniyası çərçivəsində oradakı universitetlərdən biri ilə tədbirləri də  keçirilib. İkitərəfli əməkdaşlıq etdyimiz təşkilatlar, siyasi partiyalar və ictimai birliklərlə görüşdə Dağlıq Qarabağ  həqiqətlərinin tanıdılması üçün çalışmışıq. Asiya siyasi partiyalarının beynəlxalq konfransı var. Oranın müxtəlif  ölkələrdə keçirilən iclaslarında gənclərimiz Ermənistanın Qarabağa olan təcavüz mövqeyini əks etdirən məsələləri yekun sənədə salmağa müvəffəq olublar”.