Şuranın dəstəyilə “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq mühüm ictimai vəzifədir!”

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqları və gəncləri məişət zorakılığından qorumaq mühüm ictimai vəzifədir!” layihəsinin məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın doğurduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirməkdir. 
 
İctimai Birlikdən qhtxeber.az-a bildirilib ki, məişət zorakılığının əsasını təşkil edən qadınlara və uşaqlara qarşı yönəlmiş zorakılıq, bərabərlik, tərəqqi və sülhə nail olmaq yolunda ən ciddi bir maneədir. Məişət zorakılığının başvermə səbəblərinə gəldikdə isə, buna  ailənin gəliri, iqtisadi durumu, valideynlərin işləyib-işləməməsi təsir göstərir. "Uşaq hüquqları konvensiyası"na qoşulmağımıza, "Uşaq hüquqları haqqında" qanunun qəbul olunmasına, Cinayət Məcəlləsində uşağı döyməyin cinayət məsuliyyəti hesab olunmasına baxmayaraq, hələ də bəzi valideynlər bu üsullardan istifadə edirlər. Uşaqlara qarşı edilən zorakılığın qarşısını almaq üçün cəmiyyətin hər bir fərdinin üzərinə böyük məsuliyyət düşür. Amma təəssüf ki, hələ də insanlar bu məsələlərə çox laqeyd yanaşırlar. Valideynlər anlamalıdırlar ki, uşaq onların mülkiyyəti deyil. Valideyn uşağın inkişafı, təhsili, tərbiyəsi, sağlamlığının müdafiəsi ilə məşğul olmalıdırlar. Uşaq hüquqlarını pozan bütün hallar uşaq zorakılığı sayılır. Böyüklərin uşaqlarla kobud rəftarı onların inkişafına, sağlamlığına və ləyaqətinə zərər vurur. Psixi və fiziki travmaya səbəb olan davranışlar, qayğısızlıq və etinasızlıq uşaqların həyatında ömürlük iz qoyur. Gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün regionumuzda bu mövzuda layihənin icra zəruridir. Layihə çərçivəsində dörd şəhər və rayonda bu mövzuda tədbirlər keçirilməsi nəzərdə tutulub (Bakı, Gəncə, Tərtər, Şəmkir).