QHT nümayəndəsi: “Görüləcək işlərimiz çoxdur”

“İrəli” İctimai Birliyinin mətbuat katibi Əfsanə Şükürovanın doğum günüdür. 
O, Modern.az-ın əməkdaşı həmsöhbət olub:.
 
- Əfsanə xanım, işləriniz necə gedir?
 
- Düşünürəm ki, işlərimiz qaydasındadır. Artıq 4 ildir ki, “İrəli” İctimai Birliyində məbuat katibi olaraq çalışıram. Bu illər ərzində geniştərkibli və gənclər üçün yararlı olan müxtəlif layihələr həyata keçirir, gənclərlə aktiv şəkildə əlaqələr qurub müəyyən tədbir və layihələr icra edirik.  Həmçinin, mətbuatla sıx işləyib, mediada da “İrəli”nin fəaliyyətinin işıqlandırılmasına önəm veririk. Zənnimcə, tam da olmasa, öz işimin öhdəsindən hələ ki uğurla gəlirəm deyə bilərəm. Amma hələ görülücək işlərimiz çoxdur, dayanmaq, durmaq, passiv fəaliyyət göstərmək olmaz. Qarşıdakı aylarda və gələn il də gənclər dinamik bir fəaliyyəti ilə seçilən “İrəli”ni görəcəklər. Təbii ki, bütün bu uğur və aktiv fəaliyyətin başında “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidovun gərgin əməyi dayanır.
 
- "İrəli"nin əsas məqsədi nədir?
 
- “İrəli” İctimai Birliyi 10 ildir ki, təşkilat kimi fəaliyyət göstərir. İctimai Birlik hər zaman ölkə gəncliyinin inkişafına təkan verəcək layihələr həyata keçirir. Elə əsas məqsədimiz də gənclər üçün yararlı olacaq işlər görməkdir. Biz diqqətdən kənarda qalan hansısa gənc görmək istəmirik. Bütün gənclərə çatmaq və onlar üçün yararlı olmaq birliyin ana məqsədidir. Əməkdaşlarımız da bunun üçün çalışır və ünvanlanan bütün sualları cavablandıraraq gənclərimizə dəstək olurlar. “İrəli” İctimai Birliyinin əsas məqsədi dövlət gənclər siyasətinin inkişafına dəstək ola biləcək hər bir gəncin təşəbbüsünü bütün sahələrdə stimullaşdırmaq, gənclər siyasətinə yaxından cəlb olunan və ölkənin maraqlarını qoruyan vətəndaş cəmiyyətinin formalaşmasında iştirak etməkdir. Həmçinin, bu sahədə çalışan dövlət orqanları ilə, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndiririk və mövcud əməkdaşlıqları artıraraq Azərbaycanın gənclər siyasətinə töhfə verməyə çalışırıq.
 
- Təşkilatınıza qoşulan gənclərin aktivliyi sizi qane edri?
 
-Elə əvvəldə də qeyd etdiyim kimi biz istəyirik ki, gənclər ictimai proseslərdə aktiv olsunlar. Ölkənin demək olar ki, bütün sferalarında savadlı gənc kadrların yer aldığını görək. Təşkilata gələn gənclərin necə enerjili, savadlı, intellektual, ən əsası isə vətənpərvər, təşəbbüskar, yenilikçi gənc olduğunu  görmək bizi sevindirir. Gənclərlə münasibət yaxşıdır və təklif edərdim ki, əyani olaraq da gəlib bunun şahidi olasınız. Xüsusilə də layihələrin icrasına başlanılan dövrdə təşkilatda olduqca qaçhaqaçlı bir iş mühiti müşahidə olunur. Çalışırıq ki, gənclərlə dil tapaq və onların təşəbbüslərini reallaşlaşdırmalarına dəstək olaraq, bizə gələn gənclərin müraciətlərini dəyərləndirək. Bizə müraciət edən heç bir gənc kənarda qalmır, daim onlarla çalışırıq.
 
-"İrəli"-də hansı uğurları qazanmısınız?
 
- Mənim üçün “İrəli”də işləmək özü bir uğurdur. İctimai proseslərdə aktiv iştirakımda “İrəli” İB-nin böyük rolu olub. Gözəl və çox dəyərli insanlar, dostlar qazanmışam.  Təşkilatda intellektual və ən əsası Vətənini, dövlətini sevən gənclərlə bir yerdə, xoş bir aurada işləmək, rəhbərliyin etimadını doğrultmaq da mənim üçün uğur sayılmalıdır. Düşünürəm ki, şərt deyil ki, uğur  yalnız hansısa diplom, sertifikat və ya digər maddi məsələlərlə bağlı olsun. Uğur bir gəncin ictimai-siyasi proseslərdə aktivliyindən doğan özünə inam hissinin artması, gənc yaşında müəyyən təcrübələri toplaması, sözün həqiqi mənasında xəyal etdiyi dəyərli, ziyalı və ya cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclər ordusu ilə daim ünsiyyətdə olmasıdır. Bəlkə də başqa bir sosial, ictimai aktivlik tələb etməyən peşədə, sahədə çalışsaydım, bütün bu kimi maraqlı və yaxşı mənada gərgin fəaliyyətdən uzaq qalıb, passiv bir işlə məğul olardım.
 
-İrəlidə nə kimi planlarınız var?
 
-“İrəli” İctimai Birliyi bildiyiniz kimi geniştərkibli layihələr həyata keçirir və layihələr gənclərin marağına səbəb olduğu üçün daha sonra proqram formatı alır. “İrəli" İctimai Birliyi hər bir fəaliyyətini müəyyənləşdirdiyi 7 istiqamət üzrə həyata keçirir: dövlət gənclər siyasətinin inkişafında yaxından iştirak etmək və gənclərin dinamik inkişafındakı rolunu daha da inkişaf etdirmək, gənclərin müasir düşüncə tərzinin formalaşması, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında gənclərin təmsil olunması, gənclərin ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsi, azərbaycançılıq, dövlətçilik dəyərlərinin qorunması, beynəlxalq platformalarda ölkənin ictimai və siyasi maraqlarının qorunması, mədəni və tarixi irsin təbliğ olunması, beynəlxalq rəqabətə davamlı gənclik. Məhz bütün bunlar “İrəli” İctimai Birliyinin əsas prioritet istiqamətidir. Bu mənada bu əsas istiqamətləri, hər il olduğu kimi, bu il də prioritet hesab edib, işimizi bu istiqamətlərdə quracağıq. “Azərbaycanın intellektual Birİncisi” layihəsinin də növbəti mövsümü baş tutacaq. Bu, “İrəli” İctimai Birliyinin geniştərkibli layihələrindəndir. Bununla bağlı biz ötən mövsüm Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 11 regional turnir keçirdik. Sadalasaq, görüləcək işlər çoxdur, qarşıda bizi gərgin iş, yeni layihələr, yeni uğurlar gözləyir.
 
-Gənc yaşda mətbuat katibi olmaq gözəl uğurdur. Bir də bundan danışmağınızı istərdim. Gənc olaraq mətbuat katibi olmaq çətin deyil?  
 
-Adı birincilər sırasında hallanan  təşkilatın mətbuat katibi olmaq olduqca məsuliyyətli işdir. Hələ bu sahədə qeyd etdiyiniz kimi çox gənc yaşda olmaq da ayrıca bir sevincdir. Mən “İrəli” İctimai Birliyinin mətbuat katibi olaraq fəaliyyətə başladıqda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 3-cü kursda təhsil alan tələbəydim. Artıq tələbəlik illəri geridə qalıb və həyatımın 4 ilində və deyərdim ki, hər anında “İrəli” var. Bilirsiniz ki, mətbuat hər saniyə yenilən xəbərlərlə dolu bir sahədir və hər bir xəbərə çatmaq lazımdır. Bundan başqa media ilə işləmək olduqca böyük məsuliyyət tələb edir. Ona görə də yaşımın az olmasına baxmayaraq ilk gündən işimə məsuliyyətlə yanaşıb maksimum az səhvlə, jurnalistləri razı salacaq səviyyədə işləməyə çalışmışam. Əslində bizim işimizdə böyük təcrübə tələb olunur. Amma yaşı az olan mətbuat katiblərini daha çox görməyə başlamışıq. Yəni bu baryer də artıq aşılmaz olub, demək ki, gənc yaşda belə bir sahə ilə, media nümayəndələri ilə uğurlu şəkildə iş qurmaq olar. Mən bu işə başlayanda bəzi dostlar mənim yerimə narahat idilər ki, bacarmazsan, jurnalistlər kaprizləri ilə seçilirlər, bir səhv, bir yanlış cümlə hər şeyi alt-üst edər və s. Amma görünür bu günə qədər işimizi düzgün qurub məsuliyyətlə çalışdığımız üçün hələ ki, ciddi problemlərlə rastlaşmamışam. Digər tərəfdən bizim media nümayəndələri deyilən kimi kaprizləri ilə də seçilmirlər. Həqiqətən də bu gün jurnalistlər arasında, media kapitanları içində xeyli sayda dost qazana bilmişəm.