Şuranın dəstəyilə seminar: “Qeyri-rəsmi məşğulluqla mübarizə fonunda sosial sığorta haqqında qanuna edilən dəyişiklərin sosial-iqtisadi effektləri”

qhtxeber.az  İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) İsmayıllı şəhərində “Qeyri-rəsmi məşğulluqla mübarizə fonunda sosial sığorta haqqında qanuna edilən dəyişiklərin sosial-iqtisadi effektləri” mövzusunda seminar təşkil edib. 
 
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirilən “Vergi və fiskal siyasətlər üzrə yeniliklərin təbliği yolu ilə regionlarda biznes mühitinin inkişafı və iqtisadi aktivliyin dəstəklənməsi” layihəsi çərçivəsində baş tutub.
 
Qeyd edək ki, layihənin məqsədi biznes mühitinin inkişafı imkanlarının mövcud şərtlər daxilindən qiymətləndirilməsi və tərəflərin prosesdə iştirakının daha da artırılmasıdır. 
 
Seminarda müxtəlif steykholderlər, o cümlədən aidiyyatı dövlət qurumlarının təmsilçiləri, media nümayəndələri, biznesmenlər, sahibkarlıq fəaliyyətinə yenicə başlamış gənclər və startap yaradıcıları iştirak ediblər. 
 
Tədbiri giriş sözü ilə açan İSİM rəhbəri Vüqar Bayramov son illər ölkədə həyata keçirilən islahatların mahiyyəti, layihənin məqsədi və əhəmiyyəti haqqında iştirakçılara geniş məlumat verib.
 
İqtisadçı Rəşad Həsənov qeyri-rəsmi əmək bazarı ilə mübarizə ilə bağlı tədbirlər haqqında geniş təqdimatla çıxış edib. Təqdimatdan son illər “Sosisla sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara, o cümlədən vergi məcəlləsinə edilən dəyişiklər, bu dəyişiklərin sosial-iqtisadi əhəmiyyəti, makro və mikro səviyyədə hədəflər, edilən dəyişiklərin faktiki effektləri kimi məsələləri iştirakçıların diqqətinə çatdırıb. İqtisadçı, həmçinin əmək münasibətlərinin qanuniliyinin müsbət tərəfləri haqqında fikirlərini, o cümldən sosial müdafiə mexanizmlərinin mahiyyətini qeyd etməklə çıxışını yekunlaşdırıb. 
 
Sonra iştirakçıların sualları ayrı-ayrılıqda cavablandırılıb. 
Daha sonra isə Vüqar Bayramov iştirakçılar qarşısında yekun nittqi ilə çıxış edib və hər kəsi qanunlar cərçivəsində fəaliyyətə dəvət edibdir.