Şura “Mədəniyyət və incəsənət xadimləri arasında hərbi vətənpərvərlik ideyalarının təbliği”ni dəstəkləyir

qhtxeber.az  «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə «Mədəniyyət və incəsənət xadimləri arasında hərbi vətənpərvərlik ideyalarının təbliği» layihəsi çərçivəsində ilk tədbir və seminarları AQMKGT-ın resurs və təlim mərkəzində həyata keçirib.
 
Tədbiri giriş sözü ilə təşkilatın sədri Şahin Qədirov açıq elan edərək öncə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi tədbir iştirakçılarından xahiş edib.
 
Sonra mədəniyyət və incəsənət nümayəndələrini və qonaqları salamlayaraq mədəniyyət və incəsənət əsərlərinin insan şüuruna, dünya görüşünə obrazlı təsirindən geniş söhbət açıb. O, bildirib ki, xalq qəhrəmanlarımız sazın, qopuzun, qara zurnanın sədaları altında döyüşə atılıblar. Musiqi, poeziya döyüşşçülərimizin qanlarını coşduraraq onları qələbədən, qələbəyə aparıb. Qəhrəmanlarımız haqqında nəğmələr, dastanlar qoşulub. Bu da digər döyüşçülərimizi, gənc əsgərlərimizi onlara bənzəməyə sövq edib. Bildirilib ki, 20 faizdən çox torpaqlarımızın işğalda olmasını nəzərə alaraq bu gün də bu cür təbliğata, qəhrəmanlarımız haqqında yeni nəğmələrə, bədii əsərlərə ehtiyac var. 
 
Ekspertlərdən şair İlham Qəhrəman çıxışında vurğulayıb ki, saz havası üstə cəngi, muğam üstə heyratı, Üzeyir Hacıbəyovun Koroğlu Üverturası nəinki gənc əsgər və zabitləri, hətta yaşlı insanların belə qanını coşduraraq düşmənin üstünə əliyalın atılmağa cəsarətləndirir. O, kitabından vətənpərvərlik mövzusunda şer oxuyub. 
 
Bölgə üzrə mədəniyyət eksperti, müharibə iştirakçısı Elxan Qədirov söz alaraq yeni nəslin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyətindən danışıb və qeyd edib ki, bu sahə hər zaman dövlətimizin diqqət mərkəzindədir.
 
Müharibə veteranı, hərbi müəllim Xanəli Məmmədov keçdiyi döyüş yolundan, 1990-cı illərdə baş verən hərbi toqquşmalar zamanı hərbi hissələrimizin vahid komandanlıq altında fəaliyyət göstərməməsinin vurduğu zərərlərdən ətraflı məruzə edib. Bildirib ki, bu gün vahid komandanlığa tabe olan ordumuzun uğurları artmaqdadır. Bu uğurları daha da möhkəmləndirməkçün hərbi vətənpərvərlik nəğmələrinin, marşlarının yaranması zəruridir.
 
Tədbirdə psixoloq Güldərən Zeynalovanın, digər mədəniyyət və incəsənət nümayəndələri çıxış ediblər. 
 
«Mədəniyyət və incəsənət xadimləri arasında hərbi vətənpərvərlik ideyalarının təbliği» layihəsi öz işini davam etdirib.  Layihənin seminar bölməsi layihə rəhbəri Şahin Qədirov, ekspertlərdən İlham Qəhrəman, Xanəli Məmmədov tərəfindən  icra edilib. 
 
Seminar mədəniyyət və incəsənətin bütün sahələrində fəaliyyət göstərən istedadlı, yaradıcı şəxsləri bir araya gətirərək müvafiq sahədə birgə fəaliyyətin təşkili, seminar və Dəyirmi masaların keçirilməsi üçün İctimai Birliklər, icmalar, dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin yaradılması və s. mövzuları əhatə edib. İştirakçıları narahat edən suallara aydınlıq gətirilib.
 
Yaradıcı gənclərdən Aytac Məmmədli layihənin işçi qrupuna və tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək bu cür maarifləndirici görüşlərin incəsənət və mədəniyyət nümayəndələri arasında mütəmadi təşkilinin əhəmiyyətindən söhbət açıb, belə maarifləndirmə tədbir və seminarların bu sahəyə təkan verəcəyinə inandığını bildirib.
 
Sonda tədbir iştirakçılarına dəftərxana ləvazimatları paylanıb. Tanınmış vakal ifaçısı Qrxan Cabbarovun hərbi vətənpərvərlik mövzusunda ifa etdiyi nəğmələr maraqla dinlənib.